03 fevral 2025 10:00
149

Müasir nəqliyyat infrastrukturu və tranzit-logistika imkanları ölkəmizin gələcək inkişafını şərtləndirən amillərdəndir

Ümummilli Liderimiz Heydər Əliyev müasir yolu iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat adlandıraraq demişdir:"Yol iqtisadi inkişafınəsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz". Azərbaycanı dinamik inkişafa, tərəqqiyə, davamlı sabitliyə və yüksəlişə aparan ümummilli liderimizin siyasi kursunu qloballaşan müasir dünyanın tələblərinə uyğun olaraq yeni keyfiyyətdə uğurla reallaşdıran Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ölkə iqtisadiyyatının,o cümlədən nəqliyyat-yol kompleksinin modernləşdirilməsi, hərtərəfli və sürətli tərəqqisi üçün böyük imkanlar yaradıb. Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu beynəlxalq və regional müstəvidə ölkəmizin rolunu daha da artırır.

Ölkəmizdə son 20 il ərzində nəqliyyat infrastrukturu böyük bir inkişaf mərhələsindən keçib. Bu dövrdə ölkədə həyata keçirilən bir sıra mühüm layihələr, nəqliyyatın səmərəliliyini artırmaqla yanaşı, iqtisadiyyatın da inkişafına mühüm təsir göstərib. Nəqliyyat layihələrinin uğurlu icrası müasir infrastrukturun yaranmasını şərtləndirir.

Bütövlükdə Avrasiyada əvəzolunmaz nəqliyyat-tranzit məkanına çevrilməyi hədəfləyən respublikamızda nəqliyyat infrastrukturu kompleks şəkildə yenilənir.

Azərbaycanda nəqliyyat-logistika sisteminin strateji əhəmiyyəti və üstün cəhədləri diqqət çəkir. Belə ki, ölkəmizdə nəqliyyat sektorunun əksər növlərinin səmərəli təşkili və logistika mərkəzlərinin yaradılması üçün əlverişli şərait vardır. Məlumdur ki, strateji yol xəritələri çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf modelinin təkmilləşdirilməsi və perspektiv milli iqtisadiyyat sektorları üzrə strateji hədəflər müəyyənləşdirilmişdir. Bu baxımdan, Azərbaycanın iqtisadi inkişaf modelinin qlobal iqtisadi çağırışlara uyğunlaşdırılması, bununla bağlı mühüm xüsusiyyətlərin nəzərə alınması sırasında ölkəmizin nəqliyyat tranzitivliyi və bir çox beynəlxalq nəqliyyat marşrutlarının kəsişmə nöqtəsi olması ciddi nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə logistika sahəsinin təhlili və qiymətləndirilməsi ilə bağlı qeyd olunmuşdur ki, ölkədə yeni liman kompleksinin tikintisi, qonşu ölkələrlə yeni dəmir yolu əlaqələrinin qurulması, Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ərazisində azad iqtisadi zonanın yaradılması, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda logistika qovşağının yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyərin formalaşdırılması imkanlarının olması ölkəmizdə logistika sisteminin inkişafı

üçün önəmli amillərdən hesab olunur. Qeyd edək ki, ildən-ilə nəqliyyat sektoru ölkəmizin kifayət qədər prioritetlik təşkil edən iqtisadiyyat sahəsinə çevrilməkdədir və bu sahənin potensialı yüksək qiymətləndirilməlidir. Xüsusilə, onun tranzitivlik potensialı bu sektoru xeyli cəlbedici etmişdir və maraqlıdır ki, dünyada məlum olan nəqliyyat növlərinin hamısının inkişaf etdirilməsi üçün imkanlar genişdir.

Prezident İlham Əliyev yanvarın 28-də keçirilən nəqliyyat  məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın nəqliyyat imkanlarından və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində rolundan geniş bəhs etdi. Diqqəti nəqliyyat infrastrukturunda əldə olunan nəticələrə yönəldən Prezident İlham Əliyev bildirdi ki, son 20 ildə Azərbaycanda  21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib.  Dəmir yolu infrastrukturuna gəldikdə 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Dövlətimizin başçısı bu məqamı da vurğuladı ki,  layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşdik. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb  yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar apardıq və nəhayət razılığa gələ bildik. Həyat göstərdi ki, hər zaman olduğu kimi, haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi. Nəinki Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə və Gürcüstanla birlikdə razılığa gələrək inşa etdik, hətta o vaxt Gürcüstan dövlətinə bir milyard dollara yaxın çox aşağı faizlə kredit də verdik və faktiki olaraq bu vəsait hesabına Gürcüstan ərazisində işlər görüldü.

Ölkə başçısı görülən işlər sırasında Sumqayıt-Yalama dəmir yolunun tikintisindən də bəhs etdi. Artıq tikintinin  80 faizi yerinə yetirilib. Yaxın zamanlarda tam istifadəyə veriləcək. Həmçinin  Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib ki, bunlardan biri  Bakı-Qəbələdir. Qəbələ şəhərinə dəmir yolu xətti heç vaxt çatmırdı. O yol da  inşa edildi və çox lazımlıdır. Bakı-Balakən və Bakı-Ağstafa dəmir yolları fəaliyyətini bərpa etdi. Bu yollar, əslində, ölkəmizi qərb sərhədi ilə, şimal-qərb sərhədi ilə və Qəbələ şəhəri ilə bağlayır. Bütün bu yollar üzrə yerləşən şəhərlər də təbii olaraq əhatə olunurlar.

Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələri sürətlə həyata keçirilir. Bu ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. Hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.

Təbii ki, bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Əgər bu işlər görülməsəydi, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər arasındakı bağlantılar nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həyat yerində durmur. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.

Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün yeni Dövlət proqramının qəbulu hədəflərə yüksək səviyyədə nail olmağı  təmin edəcək.

Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən işlər davam etdiriləcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sahədə dövlət proqramları hazırlanır və yeni layihələr həyata keçirilir. Xüsusilə Bakının nəqliyyat problemlərinin həlli, regionların yollarla təmin edilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi əsas prioritetlər arasındadır.

Gələcəkdə nəqliyyat sahəsində rəqəmsallaşma prosesinin daha da sürətləndirilməsi gözlənilir. Yol hərəkətinin ağıllı idarə olunması, nəqliyyat axınının optimallaşdırılması və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin genişləndirilməsi diqqət mərkəzində olacaq. Bütün bu addımlar Azərbaycanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək və ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək.

Mehman Əliyev,
YAP Xətai rayon təşkilatının fəal üzvü