03 fevral 2025 14:05
98

Sadiq Qurbanov: Azərbaycan bərpaolunan enerjinin payını 2035-ci ilədək 40,4 %-ə çatdırmağı hədəfləyir

Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə üçün böyük potensial mövcuddur.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.

Onun sözlərinə görə, quruda texniki bərpaolunan enerji potensialı 135 giqavat, dənizdə isə 150 giqavat səviyyəsində qiymətləndirilir: "Mövcud inkişaf tempi nəzərə alınaraq, Azərbaycan daxili istehlak üçün qoyuluş gücündə bərpaolunan enerjinin payını 2027-ci ilə qədər 33,1 %-ə, 2030-cu ilə qədər 35,1 %-ə, 2035-ci ilədək isə 40,4 %-ə çatdırmağı hədəfləyir".

S. Qurbanov xatırladıb ki, hazırda ölkədə bir sıra şirkətlər tərəfindən bərpaolunan enerji layihələri həyata keçirilir və bu sahəyə maraq getdikcə artır: "2027-ci ilə qədər Azərbaycanda altı günəş və iki külək enerjisi layihəsinə ümumilikdə 2,5 milyard ABŞ dolları həcmində sərmayə qoyulması proqnozlaşdırılır".