04 fevral 2025 23:58
81

Bakıda orta aylıq əməkhaqqı 1255.5 manat olub

Sənayenin inkişafı haqqında

2024-cü ilin yanvar-dekabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 53,2 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma, 20,9 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 faiz təşkil etmişdir.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2025-ci il vəziyyətinə 342,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,2 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2024-cü ilin yanvar-dekabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,3 faizini əsaslı təmir, 3,3 faizini cari təmir, 3,9 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 91,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2024-cü ildə ticarət dövriyyəsinin həcmi 2023-cü illə müqayisədə 4,6 faiz artaraq 37756,2 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 2,5 faiz artaraq 21339,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,6 faiz artaraq 16416,8 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 32,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,8 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

İctimai iaşə

2024-cü ilin yanvar-dekabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,8 faiz artaraq 1696,0 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 938,9 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 55,4 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2024-cü ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,1 faiz artaraq 8335,8 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 7295,5 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 87,5 faizini təşkil etmişdir.

Əməkhaqqı

2024-cü ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artaraq 1255,5 manat təşkil etmişdir.

Bakı Şəhər Statistika İdarəsi