Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
“İki sahil” xəbər verir ki, Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) olub.
KOBİA informasiya sistemləri və ehtiyatlarını tam şəkildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” KOBİA-ya Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsini təmin edib. Bununla da agentlik kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
RİNN-nin həyata keçirdiyi “Hökumət buludu” layihəsinin icraçısı “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.