07 fevral 2025 16:17
84

"Azərişıq" ASC-nin 10 ildə gördüyü işlər açıqlanıb

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC 10 fevral 2015-ci ildən, yəni yarandığı gündən Prezident İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda və regionlarda, eləcə də torpaqlarımız işğaldan azad olunandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bir sıra uğurlu layihələrə imza atıb.

“İki sahil” xəbər verir ki, bunu bu gün Zəngilanda media nümayəndələri üçün keçirilən brifinqdə Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

O qeyd edib ki, "Azərişıq” ASC fəaliyyət göstərdiyi 10 il müddətində qazandığı uğurlarla ölkənin dayanıqlı iqtisadi inkişafına və sosial rifahına töhfəsini verib.

“Müasir texnologiyalar və ən son innovativ yeniliklərin tətbiqi qurum tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, həm də vətəndaş məmnunluğununun artmasına şərait yaradıb.

“Azərişıq” ASC tərəfindən son 10 il ərzində ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb. Həmçinin 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olunub. Son 10 ildə abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. “Azərişıq” ASC-nin həyata keçirdiyi uğurlu strategiyanın nəticəsində şəbəkənin qoyuluş gücündə də əvvəlki illərlə nisbətdə xeyli artım müşahidə olunub. Təkcə ötən 1 ildə bu rəqəm 14 min 400 MVA-dan 14 min 900 MVA-ya yüksəlib.

Son 10 ildə Rəqəmsal İdarəetmə Mərkəzləri və SCADA sistemlərinin tətbiqi ilə şəbəkələrin dayanıqlılığı və etibarlılığı xeyli artıb. Hazırda ölkədə bu sistem vasitəsilə idarə olunan 34 yarımstansiya mövcuddur.

“Azərişıq” ASC maliyyə idarəetməsinin və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi nəticəsində də 10 il ərzində uğurlu nəticə göstərib, enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-ə yüksəlib, texniki itki göstəriciləri 13,9 %-dən 8,5 %-ə endirilib. Bu ilin sonunadək texniki itkilərin daha 0,2 % azaldılaraq 8,3 %-ə çatdırılması proqnozlaşdırılır”, - deyə o qeyd edib.