“Azərişıq” ASC 5 il ərzində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda da yenidənqurma işləri həyata keçirib və bu proses hazırda davam edir.
“İki sahil” xəbər verir ki, doğma sakinlərinə qovuşan rayon və kəndlərin məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlar əkilir və elektrik xətləri çəkilir, yeni güc mərkəzləri yaradırılır.
Ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0.4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq 1 yarımstansiya, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istismara verilib.
2024-cü ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Sentyabrın 2-də ölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq “İstisu” yarımstansiyasını işə salıb. Oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazır vəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verən SCADA sistemi ilə təchiz edilib.
İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin tikintisi də davam edir. Laçında müasir yarımstansiya və rəqəmsal idarəetmə Mərkəzi tikilir, eləcə də 110/35/10 kV-luq "Minkənd" yarımstansiyasının inşası, "Ağbulaq-SES" və "Minkənd" yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi yekunlaşmaq üzrədir. Xocalıda "Xocalı" yarımstansiyası və İdarəetmə Mərkəzinin tikintisi, "Əsgəran", Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir. Xocavənddə "Zoğalbulaq" yarımstansiyasının tikintisi, Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsəsilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri gedir.
Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədlivə, Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttinin çəkilişi davam edir.