08 fevral 2025 13:13
89

Sofiya aeroportunda naməlum PUA səbəbindən altı reys təxirə salınıb

Bolqarıstanın paytaxtı Sofiya şəhərində hava limanında naməlum pilotsuz uçuş aparatının (PUA) aeroport ərazisində peyda olmasından sonra altı reys təxirə salınıb.

“İki sahil” Bolqarıstanın “NovaTV” telekanalına istinadən xəbər verir ki, PUA-nın mənşəyi və hava limanı ərazisində uçuş məqsədi hələlik məlum deyil.

Bolqarıstanın Milli Hava Qəzalarının Təhqiqat İdarəsinin nümayəndəsi Xristo Xristov bildirib ki, PUA uçuşların təhlükəsizliyinə ciddi təhlükə yarada bilərdi. Onun sözlərinə görə, aparat təyyarələrin mühərriklərinə dəyə və ya təyyarənin digər sistemlərini zədələyə bilərdi.

Xristov onu da qeyd edib ki, belə dronların uçuşu üçün Mülki Aviasiya İdarəsindən icazə tələb olunur, lakin indiki halda belə istək olmayıb. “Bu, qeyri-qanuni uçuşdur. Onun hansı məqsədlə edildiyini bilmirəm”, - o bildirib.

O əlavə edib ki, bu, son ay yarımda hava limanı ərazisində dronların görünməsi ilə bağlı artıq ikinci və ya üçüncü hadisədir.

Xtistovun fikrincə, belə insidentlər ictimai təhlükə yaradır və cinayət kimi qiymətləndirilməlidir.