Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.
Qurumdan “İki sahil”ə bildirilib ki, iclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlərin nəticələri və bu il ərzində icrası nəzərdə tutulan tədbirlərlə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Auditorlar Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də işçi qrupa daxil olan bir sıra ictimai birliklərin, biznes assosiasiyalarının və konsaltinq şirkətlərinin, özəl sektorun nümayəndələri iştirak ediblər.
DVX-nin rəis müavini, işçi qrupun rəhbəri İlkin Vəliyev tədbir iştirakçılarına “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər, Dünya Bankının müvafiq anket sorğusu barədə məlumat verib. Bildirib ki, 2025-ci ildə bu sahədə tamamlanmamış işlər daha intensiv şəkildə həyata keçirilməlidir.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxәliyev komissiya tərəfindən 2024-cü il ərzində görülmüş işlər, Dünya Bankının təqdim etdiyi “Business Ready” hesabatında qiymətləndirmə zamanı tətbiq ediləcək metodlar, hesabatın “Vergitutma” indikatoru üzrə sorğu vərəqəsinə dair tələblər barədə məlumat verib.
İclas iştirakçıları 2025-ci ildə nəzərdə tutulan tədbirləri müzakirə edərək bu prosesdə özəl sektorun təkliflərinin nəzərə alınmasını, sahibkarların ictimai birlikləri ilə görüşlərin intensivləşdirilməsinin zərurətini vurğulayıblar. DVX rəisinin müşaviri, Vergi ombudsmanı Elçin Məmmədov komissiyanın iclaslarının özəl sektorun iştirakı ilə keçirilməsinin vergi ödəyicilərinin hüquqlarının müdafiəsi və “Business Ready” hesabatında Azərbaycanla bağlı qiymətləndirmələrin obyektivliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Sonra özəl sektor nümayəndələrinin təklifləri müzakirə edilib, vergi yükü və vergi güzəştləri ilə bağlı suallar cavablandırılıb.