09 fevral 2025 10:15
153

Üç Cənubi Qafqaz ölkəsinin Rusiyaya qarşı İTTİFAQ qurması uzaqda deyil

"Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"... 

Rusiyanın hansı məntiqlə idarə edildiyi bilinmir. Bu ölkə sürətlə özünü itirir. Hara getdiyinin fərqinə varmaz dərəcədə kütləşib...
İflas 2014- cü ildə Krımın işğalı ilə başladı. Sən günün günorta çağında başqa ölkənin torpağını tut, nədi nə deyil, kimsə  NATO üzvü olmaq istəyir. Bir ağıllı adam tapılıb Rusiya elitasına demədi ki, Ukrayna lap yaxşı edir, sən elə dövlət olaydın ki, ukraynalılar sənin yanında durmağı üstün tutardılar  və NATO- nun qapısında boyun əyməzdilər. Bir düşünəydin ki, səninlə birgə Hitlerin həbs düşərgələrindən və müharibə meydanlarından inamla keçmiş ukraynalılar niyə qəlbən səndən döndülər? Dəli olublar? Yox, çünki sən 70- 80 il bu xalqa onun istəmədiyi adamı başçı qoymaq, onun bütün seçkilərini saxtalaşdırmaq kimi iylənmiş yeməkləri zorla yedizdirmək istədin. Bu da axırı...

2015- ci ildə təyyarələrini töküb Suriyanı düzlədi, Lavrov dünyaya car çəkdi ki, Suriya xalqı çağırdı və biz də gəldik. Bəs hanı o xalq, cənab Lavrov?! O Suriya xalqı niyə bəs Bəşərin zülmündən Moskvaya yox, Avropaya, Türkiyə və Livana sığındı?!...

Yalanları faktlaşdırıb şüurlara soxuşdurmaqla deyil. Ukraynanı işğal edəndən dünya Rusiyanı qara qarğa kimi bloka salıb. Sadə ruslara dünya ölkələrində öz pulu ilə yemək də vermirlər. İki il əvvəl  hətta Lavrovun özünə İndoneziyada hansısa iqtisadi toplantıda günorta yeməyi də vermədilər...Küçənin ortasında lokantada " kolbasa - çörək yemək" bir dövlət elitasına yaraşmaz... 

Əslində Amerika da elə Rusiyanın tayıdır. Bu gün Amerikanın Yaxın Şərqdə hansı rəzalətə dəstək verdiyini düşünəndə, 1979- cu ildə Xomeyninin  "1 nömrəli şeytan, 2 nömrəli şeytan" sözlərinə haqq verərək " ilanın ağına da, qarasına da lənət" deməkdən başqa çarə qalmır...
Ancaq bir şey var ki, Amerikanın "dilinə görə birçəyi də var axı"...

Rusiya çox eşqə düşdü ki, dolların alternativini yaratsın. Nooldu bəs? Alınmadı. Alına bilməzdi. Çünki Amerika dövləti  vaxtında sahibkarların həqiqi toxunulmazlığı üstündə  iqtisadi model qurdu və böyük istehsalın bazasında  dolları dünya valyutasına çevirdi. Daha Putin kimi, "məni dəstəkləməyən biznesmen dama girməli və ya ölməlidir " iddiasını ortaya qoymadı...

Amerika prezidentlərinin göstərişi ilə qətlə yetirilmiş bircə nəfər amerikalı  iş adamı tanıyırsız? Ancaq Rusiyanın praktikasında  1935- ci ildə Stalinin Meksikada Trotski kimi siyasətçini və fermeri   baltalatması ilə kökü qoyulmuş  " biznes qanqsterliyi"  bu gün də yaşayır. Rusiya dövlət adamlarının sifarişi ilə həbs və qətl edilmiş biznesmenlərin sayı - hesabı itib. Bu gün Rusiyada "Yedinaya Rossiya"nı tənqid etmək demirəm, sadəcə ona üzv olmaq istəmədiyini deyən bircə nəfər iş adamı tanıyırsız?! Yox. Nə qədər ki, bunlar yoxdur, " rubl ayaq altında qalmış pıs - pısa kimi aşağıdan yuxarı  dollara tərəf boylanacaq". Dollara alternativ yaratmaq avantürasına uydurulmuş ölkələr isə sonda BRİKS üzvləri kimi bir - bir and içəcəklər ki, bizim yeni valyuta yaratmaq fikrimiz yoxdur...Amerikanın qorxusundan... 

Halbuki bunu yaratmaqda bir faciə filan yoxdur. Bacarana baş qurban. Ancaq bacarmırlar axı... Boş boçka kimi dınqıldamaqdan başqa əllərindən bir şey gəlmir... Adam Smitin, David Rikardonun 100 illər öncə dediklərinin hökmünü niyə anlamırsınız? İqtisadi azadlıq olmayan yerdə inkişaf da olmaz, dünya valyutası da olmaz....

Rusiya heç vaxt olub - keçənlərdən lazımı nəticəni çıxarmadı. Soyuq müharibə 1991- ci ildə bitəndən sonra ABŞ - ın məqsədi dünyada ya birqütblü dünya yaratmaq idi, ya da heç olmasa " biri SSRİ, o biri ABŞ" olmaqla ikiqütblü dünya yaratmaq idi. Rusiyanın başbilənləri bunu başa düşmədilər... Çinə dəstək verərək 3- cü dünya qüvvəsi kimi önə çıxardılar. Hesab etdilər ki, Amerikanın qabağına " kozır" qoydular. Sonda Çin hər ikisinə " atdı".Daha da irəliyə çıxdı və heç birini saymadı. Amerika da Rusiyadan qlobal oyunu pozduğu üçün qisas almağa başladı. Çünki Çinə gücü çatmır...

Belə olduqda içi Putinin özü qarışıq Rusiya üçün intihar məzmunlu strateji qərarlar verməyə başladılar. Guya Putin çoxbilmişlik elədi. Anlamadı ki, "KQB- sayağı baş kəsib qan tökməklə" dünya idarəçiliyinin vaxtı keçdi. Hamının siyasi haqqına hörmətlə yanaşmaq, iqtisadiyyatı, texnologiyanı qaldırmaq, gün çörəyi üçün sadəcə iqtisadi azadlıq istəyən insanlara sərbəstlik vermək zamanıdır. Sonra kənarda dayanıb bunun möcüzələrinə baxıb zövq almaq zamanıdır. O iş adamını burda qazlamaq, digərini dama basmaq vaxtı keçdi. Dünən mənimlə birgə sonuncu balasını da Hitlerin üstünə göndərən anaların mənsub olduqları bir xalqı o birinin üstünə qaldırmağın heç zamanı deyildi...

Axı bu xalqlar sənin Kremlinə özünün məscidindən, Ələm və Mehrabından müqəddəs baxırdı?! Təbii sənin " sayəndə". Onu dinindən döndərmişdin. Çünki sənə inanmışdı. Son övladını " Kremlə qurban olsun" deyərək faşizmin üstünə göndərən anaların haqqına nə verdin? O anaların biri Şuşalı idi, Bakılı idi, Naxçıvanlı idi, Lənkəranlı idi. Haqlarına nə verdin? Sadəcə " toyuq dəni"... Naxçıvanlılar belə deyir və çox tutarlı deyirlər...

Biz 1989- cu ildə  SSRİ-dən ayrılmaq istəyəndə günahımız nə idi? Rusiyanın müdrik rəhbərləri olsaydı, deyərdilər yaxşı yol, gedirsiniz Allah köməyiniz olsun. Bunu deməyi bacarmadılar. Bunu o qüvvələr bacara bilərdi ki, siyasətdə " balta ilə doğramaqdan başqa" daha incə taktikalar da bilirdilər. Təəssüf, Qorbaçov, Yeltsin, Putin kimi rəhbərlər bilmədilər... Erməniləri firitləyib Azərbaycanın üstünə saldılar. Düşündülər ki, Qarabağı əllərindən almalıyıq ki, Amerikanın, onun bunun yanına getməsinlər. Rusiyanın seçimi belə oldu - Qarabağı əllərindən alaq, həmişə ümid verək ki, özünüzü ağıllı aparsanız, Qarabağı geri qaytara bilərsiniz... Eyni oyunu Gürcüstanın da başında oynamaq istədilər... Sonu nooldu....?

44 günlük müharibədən sonra böyük ümidlər var idi ki, Kremlin başbilənləri lazımı nəticəni çıxaracaqlar... Çıxarmadılar.. Ötən il hətta Rusiya XİN rəsmi bəyan etdi ki, Cənubi Qafqaz siyasətimizin necə olacağını müzakirə edirik. Hardadı bəs nəticə?..Hani " Yeni Cənubi Qafqaz konsepsiyası"?... 
Nəticə elə bu idi ki, deyəsən ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla səhvə yol verdi? Azərbaycan Prezidentinin bu sözlərin arxasında 10 illər sonraya hesabladığınız cinayət planlarını başa düşməyəcəyini sandınız? Həmin anlarda anlamadınız ki,  200 il özünüzə müttəfiq sayaraq minlərlə azərbaycanlını öldürtdüyünüz ermənilər sizə nə plan hazırlayıb? Sizlər " ətraf rayonları verək, qardaşımız Yetevanla birlikdə hələ 10 illər boyu İlham Əliyevə və Azərbaycana Qarabağ kartı ilə təzyiq göstərərik" deyə planlar cızanda Paşinyan ananızı ağlatdı. Okeanın o tərəfindəki havadarlarının köməyi ilə 2022- ci ildə bəyan etdi ki, " Qarabağ Azərbaycandır"!. Başa düşülür ki, bu sizə böyük zərbə oldu, düz 200 illik planlarınızı zibilxanaya atdı... Ancaq Paşinyan  sizə bu zərbəni vurmaqda haqlı idi... Çünki " çörəyinizi sahibini tanımayan itin qabağına atmışdınız"...
Qayıdaq 44 günlük müharibədən sonra " strateq" Lavrovun XİN - dəki toplantıda elan etdiyi  məlum yeni Cənubi Qafqaz kursuna...
2 il keçir. Nəsə  oldu?

Baxaq. Bir əli Ukraynada baltanınn altında olduğu bir vəziyyətdə nəinki Ermənistanı Azərbaycanla sülhə məcbur etmədi, nəinki Zəngəzur dəhlizini açmağa vadar etmədi, əksinə, Azərbaycanla pərdəarxası qeyri- səmimi oyunları davam etdirdi. Təyyarəmizi vurdu, Zatulin kimi "hürüşü ilə  sürüyə qurd gətirən" qanmazları üstümüzə saldı. Hansı haqla? Elə bilirsiniz ki, Azərbaycan Prezidenti 2022-ci il fevralın 19- da, yəni Ukraynaya təcavüzə başlayacağınızdan 3 gün əvvəl sizinlə strateji bəyannamə imzalayanda bilmirdi nə var, nə yox?!. O sizə qədrini bilmədiyiniz " kart blanş" verdi... Vəssalam... Əvəzində siz nə etdiniz?..

Bütün sübutlar ortadaikən təyyarəmizi vurduğunuzu niyə etiraf etmirsiniz? Üstəlik Zatulinlərə, Tolstoylara "Azərbaycanı vurun" əmri vermək nə deməkdir?....

Dünyada təklənmək bəlkə də Rusiya üçün müəyyən çıxış  şansları saxlayırdı. Regionda təklənməyin isə  çıxışı yoxdur, cənablar!..

.... Ermənistan artıq əldən çıxıb. Paşinyan dalbadal zərbədir ki, vurur. Paşinyan açıq dedi ki, Kreml bizim üçün geridönüşü mümkünsüz ünvandır... Bəlkə də Kremldə düşünülür ki, Paşinyanın hakimiyyəti bitən kimi bütün Ermənistan yenə də Moskvanın restoranlarında "sarıbaş rus qızları ilə əski dövrlərdəki kimi" xoşbəxt anlara  qayıdacaq...

Bədbəxtlər...! Bilmirsiniz ki, 1988- ci ildən aldadaraq "Qarabağ bökəni" yedirtmək istədiyiniz ermənilər bütün olub keçənləri  sizə bağışlamaz? Əslində ermənilər sizə yox, siz ermənilərə xəyanət etdiniz... Ermənilərə " sən şah olassan" deyə - deyə axırda onları peşka günündə" buraxdınız... Ermənilərin bunları sizə bağışlayacağını güman edirsiz?..

Azərbaycan xalqı gözləyirdi ki, Rusiya rəhbərləri 44 günlük müharibədən sonra xüsusilə Qarabağ məsələsində səhvlərini etiraf edəcək. Bunu etsəydilər, mən əminəm ki, hətta günahsız Xocalı qurbanlarının ruhu  belə Rusiyanın günahlarından keçərdi... Tarixdə məgər az olub? Amerikalılar qırmızıdərili hinduları qırdılar, bir üzrlə qisasçılıq bitdi. Hitlerin cinayətlərinə görə almanlar yəhudilərdən  üzr istədi, qisasçılıq bitdi. Xocalılar da hər şeyi bitmiş saya bilərdilər... "Cənab" Putin bunu istəmədi... Sənə lazım idi ki,44 günlük müharibədən sonra  Xocalıda Perjevalskinin, Lermontovun, nə bilim kimlərinsə heykəlini qoyasan, şəhərdə kilsə açasan? Kilsənin və bu adamların Xocalıya nə aidiyyatı var?..Xocalıda provaslavlar yaşayıb heç?... İllər boyu Almaniyada, Avstriyada kəşfiyyat aparmış,  İlham Rəhimov kimi bir azərbaycanlı ilə illər boyu dostluq etmiş, hətta İlham Rəhimova rəğbətin üstündə bir azərbaycanlı qızı ilə ailə qurmağı belə ürəyindən keçirmiş şəxs olaraq bilmək çətin idi ki, azərbaycanlıları, qəlbi yanıq Xocalı insanlarını başa düşmək lazımdır? Böyük pisliyi etdiniz, Xocalı insanlarının BÖYÜK  olduğunu anlaya bilmədiniz...

SSRİ dağılandan taa 2003- cü ilədək Gürcüstanda və Azərbaycanda baş verənləri xatırlayaq. Qamsaxurdiya gürcüləri Qərbə yönəltmək istədi, Elçibəy Azərbaycanı Qərbə aparmaq istədi. Şevardnadze orada hakimiyyətə gəldi, Heydər Əliyev xalqın təkidli tələbi ilə burada  hakimiyyətə gəldi. Ağıllı idilər  və dünyanın gedişatını bilirdilər. Rusiyadan çox uzaqlaşmamaq və onun maraqlarına hörmət etmək şərtilə Qərblə açılım kursuna başladılar. Düzgün siyasət idi....Şevardnadze də, Heydər Əliyev də Rusiyanı yaxşı tanıyırdılar. Bəs siz onların haqlarına sayqılı oldunuzmu? Anlaşıqlı siyasətinə görə Qarabağ problemini elə Heydər Əliyevin öz sağlığında həll etmək olmazdı? Etmədiniz... Heydər Əliyev rəhmətə getdi, İlham Əliyev hakimiyyətə gələndən 17 il sonra Azərbaycanın öz haqqını geri almasına mane olmadınız. Bu nə siyasətdir? Bunları 2020-də yox, məsələn 2010 - cu ildə etmək olmazdı?  Edilmədi, çünki Rusiyanın başbilənləri başda deyildilər...

Şevardnadzenin  hakimiyyətdən devrilməsinin qabağını ala bilmədiniz. Saakaşvili hakimiyyətə gəldi. Ona qarşı qisasçılıq başladı. Çünki hansısa gürcünü nazir qoymaqla bağlı Pitinin tələbini icra etməmişdi. Sonu nə oldu?...Bir İvanişvili tapıb hakimiyyətə gətirdilər. İvanişvili ümid edir ki, Rusiya ilə yaxşı münasibətlərdə olub Qərbə müharibə açsam, Abxaziya və Osetiyanı qaytaracaqlar.... Əbəsdir... Qaytarmayacaqlar... Gürcülər yanılır, hesab edirlər ki, İlham Əliyev 17 il Rusiya ilə anlaşıqlı münasibətlər içində olmaqla Qarabağ problemini həll etdi... Biz də Abxaziya və Osetiya problemini həll edəcəyik... Heyhat... Baş nazir Kobaxidzeyə baxanda  təcrübəsiz və ölkəsinə xidmət etmək istəyən bəlkə də saf bir gəncin öz mütərəqqi duyğuları ilə hansı səhvi buraxdığını görməkdən üzülürəm. Çünki Kobaxidze İlham Əliyev deyil. Gürcüstan Azərbaycan deyil. Zaman da o zaman deyil... Bir də ki, İvanişvili və Kobaxidze 2012- ci ildən Qərbi yox, Rusiyanı seçiblər. Bunun bir əvəzi olmalı deyildimi? Bu 13 ildə  heç hiss etdiniz ki, Rusiya Abxaziyanı və Osetiyanı qaytarmaq istəyir? Yox....
Rusiya " Cənubi Qafqazı vermərəm" deyə-deyə Cənubi Qafqazı Qərbin qucağına atmaqdadır. Mən bunun pis, ya yaxşı olduğuna qiymət vermək istəmirəm. Babalı Sərvərin ( Putinin) boynuna...
Bu gedişlə 3 Cənubi Qafqaz ölkəsi sonda Rusiyaya  qarşı birləşəcək. Ermənistan onsuz da üzünü Qərbə tutub, Rusiyanın sayəsində. 30 il Azərbaycanın torpaq haqqını yediniz, sonda da təyyarəsini vurdunuz. Gürcüstanın isə ərazi bütövlüyünü pozdunuz və bu gün də bərpa edə bilmirsiniz. İndi bu 3 ölkədən hansı sədaqəti uma bilərsiniz....?! 

1918 - ci ildə 3 Cənubi Qafqaz ölkəsi  birləşərək Zaqafqaziyanı yaratdı. 70 il bu saxta dostluğun kölgəsində xumarlandınız.  1991- ci ildə SSRİ dağıldı. Sandınız ki, 3 xalqı bir - birinin üstünə salmaqla daha 70 il aldadılmış xalqların üstündə at oynada , səhvlərinizi sığorta edə biləcəksiniz...
Bu gün hər 3 Cənubi Qafqaz ölkəsi Rusiyadan çox əsaslı şəkildə incik düşüb. Haqları tapdalanıb...
2018- ci ildə Rusiya bu 3 ölkəni bir araya gətirə bildi. Çünki qarşıda güclü  geosiyasi qüvvə yox idi. ABŞ indiki kimi qüvvətli deyildi, Avropa Birliyi isə ümumiyyətlə yox idi.. Bu gün Rusiyanın Cənubi Qafqazda qədəmləri bükülüb, Qərb bu bölgəyə yerikləyir, 3 ölkənin hər biri Rusiyadan möhkəm incik düşüb. Çünki Rusiya onlara pislik etməkdə davam edir....

Bilirsiniz hara gedirik?..

Məncə 3 Cənubi Qafqaz ölkəsinin Rusiyaya qarşı ittifaq şəklində birləşə biləcəyinə real baxmaq lazımdır...Azərbaycanın, Gürcüstanın və Ermənistanın Rusiyaya qarşı birlikdə gedəcəyi uzaqda deyil... Bəli, səhv oxumadınız... Ancaq Rusiya hələ bir çox şeyləri xilas etmək şanslarını itirməyib...

Aydın Quliyev