10 fevral 2025 12:07
119

Şahmar Mövsümov: Orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməyə hazırıq

Azərbaycan orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatı"nın (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdən bəri cəmi 4 orta gəlirli ölkə yüksək gəlirli ölkələr sırasına keçib: "Azərbaycan da buna hazırdır. Bunu etmək asan olmasa da, biz hazırıq. Bununla bağlı iqtisadi layihələrin şaxələndirilməsi tələb olunur. Bunu etmədiyimiz halda biz lider mövqelərdə deyil, geriləməkdə olacağıq".

Bundan başqa, PA rəsmisi qeyd edib ki, Azərbaycan innovasiyalara yönəlmək üçün zəruri infrastruktura və bazaya malikdir: "Biz bu zəmində çiçəklənən, inkişaf edən ölkəyə çevrilə bilərik. Hazırda dünyanın qarşısında ciddi çağırışlar dayanır. Azərbaycandakı vəziyyətə baxsaq güclü rəhbərlik, güclü tərəfdaşlıqlar, o cümlədən Dünya Bankı ilə aparılan tərəfdaşlıqlara baxdıqda biz çox qabaqcıl gələcəyə doğru irəliləyə bilərik. İnnovasiya Azərbaycanın vacib diqqət yetirdiyi sahələrdən biridir, uzunmüddətli iqtisadi artımın təmin edilməsi üçün vacibdir. Bunun üçün startaplara və sahibkarlara dəstək göstərilməlidir".