Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən piyadaların avtomobil yolunu keçməsində problem yaşanan daha bir ərazidə, Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni piyada keçidinin inşası yekunlaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, bu tədbirlər çərçivəsində Agentlik tərəfindən piyadaların avtomobil yolunu keçməsində problem yaşanan daha bir ərazidə, Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni piyada keçidinin inşası yekunlaşıb.
"Layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3.5 metr, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.
İki giriş-çıxışdan ibarət olan keçiddə lift sistemləri quraşdırılıb, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulub, təhlükəsizlik kameraları quraşdırılıb, keçidin ətrafında abadlaşdırılma işləri görülüb.
Yeni yerüstü piyada keçidi inşa edilən ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək", - məlumatda qeyd olunub.