12 fevral 2025 12:29
85

Azərbaycanda yanvarda illik inflyasiya 5,4 % təşkil edib

Bu ilin yanvar ayında istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına nisbətən 105,4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105 %, qeyri-qida məhsulları üzrə 102,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,4 % təşkil edib.

"İki sahil” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, yanvarda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 % təşkil edib.

2025-ci ilin yanvar ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 % təşkil edib.

Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə əsasən makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 % təşkil etmişdir. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,0 % təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma istilik, elektrik enerjisi, təbii qaz təchizatı və mənzillərin kirayə verilməsi xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.