15 fevral 2025 23:46
203

Zelenski Stubb ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini və Ukraynaya yardımı müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski finlandiyalı həmkarı Aleksander Stubb ilə “Rusiyanın kölgə donanmasına” qarşı sanksiyaların gücləndirilməsini və müttəfiqlərlə səylərin əlaqələndirilməsini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı sosial şəbəkədə bildirib.

“Biz həmçinin Ukraynaya müdafiə yardımını və Ukrayna uzaqmənzilli silahlarının istehsalına investisiyaları müzakirə etdik. Mən ABŞ Prezidentinin yeni administrasiyası ilə əlaqələrimin, eləcə də Avropa liderləri ilə görüşlərim və müzakirələrimin təfərrüatlarını bölüşdüm. Həqiqi sülhü təmin edəcək və təcavüzün yenidən başlanmasını qabaqlayacaq etibarlı təhlükəsizlik zəmanətlərinin hazırlanması üçün bütün müttəfiqlərlə birlikdə işləmək son dərəcə vacibdir”, – o qeyd edib.

Ukrayna Prezidenti həmçinin Finlandiyaya davamlı dəstəyinə və müharibənin dayandırılması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

Qeyd edək ki, "Rusiyanın kölgə donanması" termini Rusiyanın beynəlxalq sanksiyalardan yan keçmək və neftini müəyyən edilmiş məhdudiyyətlərdən kənar ixrac etmək üçün istifadə etdiyi gəmilər şəbəkəsinə aiddir. Bu gəmilər çox vaxt öz mənsubiyyətlərini gizlədir, izləmə sistemlərini söndürür və dünya bazarlarında neft ticarətini davam etdirmək üçün aşkarlanmamaq məqsədilə digər üsullardan istifadə edirlər.