20 fevral 2025 11:23
208

Bakıda “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində (BDU) bakalvriatura və magistratura təhsil səviyyələrində 25 minə yaxın (24 min 739 nəfər) tələbə təhsil alır.

“İki sahil” xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev təhsil müəssisəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Rektorun sözlərinə görə, onlardan 16 min 641 nəfəri, təxminən 67, 2 %-i qızlardır: "Bu il BDU-ya 5 min 414 tələbə qəbul olunub, onlardan 3 min 803 nəfəri, başqa sözlə, 70 faizi qızlardır. Son imtahan sessiyasında qız tələbələrin oğlan tələbələrlə müqayisədə müvəffəqiyyət göstəricisi təxminən 20 faiz çox olub".

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, Azərbaycanda qızların təhsili uzunmüddətli hədəflərdəndir: "Təhsil sahəsində görülən işlərin nəticəsi adətən ən tezi 20 il müddətinə görülür. Məsələn, bu gün təhsil almayan qız 10-15 ildən sonra ana olur və övladı növbəti 20 ilə əmək bazarına daxil olur. Təxminən 35 ildən sonrakı reallığı - bu günün fəaliyyəti və ya fəaliyyətsizliyini müşahidə etmiş oluruq. Bu səbəbdən, qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə əlavə edib ki, Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir: "Bu gün Azərbaycanda hər bir vətəndaşın təhsil alması üçün müvafiq şərait yaradılıb. Hətta dövlət bu sahədə ayrı-seçkiliyə yol verilməməsinə, mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar üçün bərabər imkanlar yaradılmasına geniş təminat verir".

Konfrans mövzu ətrafında çıxışlarla davam edib.

Daha sonra BDU ilə Dövlət Komitəsi arasında elmi-tədqiqat, təhsil, sosial və innovativ layihələr çərçivəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsinəı dair Memorandum imzalanıb.

Qeyd edək ki, konfrans BDU, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutub.