23 fevral 2025 21:37
111

Sabah universitetlərdə dərs olmayacaq? - RƏSMİ AÇIQLAMA

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə bağlı sabah bəzi ali təhsil müəssisələrində dərslərin ləğvi və ya onlayn formata keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

“İki sahil” xəbər verir ki, Trend sözügedən məsələ ilə bağlı Bakıda yerləşən universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova Trend-ə açıqlamasında qeyd edib ki, sabah (24 fevral) universitetdə dərslər onlayn formatda keçiriləcək.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, hava şəraiti ilə bağlı dərslərin onlayn formata keçirilməsi nəzərdə tutulmur.

“İkinci növbənin üçüncü saatının başqa bir vaxta keçirilməsi nəzərdən tutulur”,- deyə o qeyd edib.

Azərbaycan Texniki Universitetinin (AzTU)mətbuat katibi Sevinc İsgəndərova vurğulayıb ki, hava şəraiti ilə əlaqədar olaraq sabah bütün dərslər onlayn formatda həyata keçiriləcək.

Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin məlumatına əsasən, sabah qarlı hava şəraiti ilə əlaqədar bütün dərslər onlayn şəkildə keçiriləcək.

Türkiyə-Azərbaycan Universitetinindən də həmçinin əlavə edilib ki, 24 fevral tarixində dərslər onlayn formada davam edəcək.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Taleh Mirzəyev bildirib ki, hava şəraitini nəzərə alaraq, ADPU rəhbərliyinin qərarı ilə 24 fevral 2025-ci il tarixində universitetdə dərslər və işlər məsafədən (onlayn) Microsoft teams platforması üzərindən həyata keçiriləcəkdir.