Yol-patrul xidmətinin müşayiəti ilə aidiyyəti qurumlar tərəfindən avtomagistrallara duz-qum qarışığı səpilərək qardan təmizlənməsinə baxmayaraq, küləklə sovrulan qarın qısa zamanda yenidən yolun hərəkət hissəsini tutması sürücülərdə çaşqınlıq yarada bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, yolun qardan təmizləndiyinə güvənən sürücü bir qədər sürət yığdıqdan sonra anidən qar və ya buzla örtülü yol sahəsinə çıxdıqda təbii olaraq təlaş hissi keçirir və bu da instinktiv olaraq kəskin tormozlamaya və avtomobilin sürüşməsinə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi gecə saatlarında yolların buz bağladığını da nəzərə alaraq, qeyd olunan xüsusatları diqqətdə saxlamağı, zərurət yaranmadıqca şəxsi avtomobildən istifadə etməməyi xahiş edir.