24 fevral 2025 08:22
94

Buzlaqların sürətlə əriməsi qlobal fəlakət riskini artırır

Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, iqlim dəyişikliyi buzlaqların daha sürətlə əriməsinə səbəb olur.

“İki sahil” “euronews.com” telekanalına istinadla xəbər verir ki, “Nature” jurnalında dərc edilən yeni tədqiqatın nəticələrinə görə, 2000-ci ildən bəri dünya üzrə buzlaqların orta hesabla 5 faizindən çoxu əriyib və bu proses son onillikdə daha da sürətlənib.

Araşdırmalar göstərir ki, son 23 il ərzində təxminən 7 trilyon ton buzlağın əriməsi dəniz səviyyəsini təxminən 2 santimetr qaldırıb. Xüsusilə Alp dağları bu ərimənin ən çox müşahidə olunduğu bölgələrdən birinə çevrilib. Buzlaq kütləsinin azalması milyonlarla insan üçün içməli su təchizatını təhlükə altına qoymaqla yanaşı, dəniz səviyyəsinin yüksəlməsi səbəbindən sahilyanı bölgələrdə daşqın riskini artırır.

Araşdırmaya əsasən, XXI əsrin əvvəlindən bəri buzlaqlar 6500 milyard tondan çox kütlə itirib. 2000-2011-ci illər arasında buzlaqlar hər il orta hesabla 231 milyard ton ərimişdirsə, bu göstərici 2012-2023-cü illər arasında 314 milyard tona yüksəlib. 2023-cü ildə isə rekord səviyyədə – 548 milyard ton buzlaq əriyib.

Buzlaq əriməsi Qrenlandiya və Antarktidadakı buz təbəqələrindəki kütlə itkisindən daha sürətli baş verir. Xüsusilə Alp dağlarında buzlaqların 2000-ci ildən bəri 40 faizi yox olub. Orta Şərq, Yeni Zelandiya və Şimali Amerikanın qərb hissəsində də bu göstərici 20 faizdən çoxdur. Buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə ən çox təsir edən ikinci faktordur. NASA-nın məlumatına görə, 1992-ci ildən bəri dəniz səviyyəsi 10 santimetrdən çox artıb və bu prosesin daha da sürətlənəcəyi gözlənilir. Mütəxəssislər bildirirlər ki, dəniz səviyyəsinin hər santimetr yüksəlməsi dünyada 2 milyon insanın daşqın riski ilə üzləşməsi deməkdir. Buzlaqların əriməsi iqlim dəyişikliyinə gec reaksiya verdiyi üçün hətta qlobal istiləşməni azaltmaq üçün ciddi tədbirlər görülsə belə, bu prosesin davam edəcəyi gözlənilir. Lakin mütəxəssislər vurğulayır ki, temperatur artımını məhdudlaşdırmaq buzlaqların qorunmasına və potensial fəlakətlərin qarşısını almağa kömək edə bilər.