24 fevral 2025 22:21
111

Paşinyan iqtidarı fəaliyyətsiz qurumdan nə umur?

Uzun illər turist səfərləri ilə gündəmdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri artıq tarixin arxivinə atılmış  olmuş Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç bir ciddi nəticə ortaya qoya bilmədilər. Bir sıra məqamlarda hətta ermənipərəst mövqe sərgiləyərək Ermənistanın işğalçılıq siyasətinə haqq qazandıran açıqlama verməklə və çıxışlar etməklə Azərbaycan xalqının haqlı narazılığına səbəb oldular. Uzun illər Minsk qrupunun mövcudluğu problemi saxlamaq, dondurmaq, onu uzatmaqdan ibarət idi.

Azərbaycan öz gücünə suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yeni reallıq yaranıb. İkinci Qarabağ müharibəsindən sonra bu qurumun heç bir iş görmədiyini nəzərə alsaq Minsk qrupunun həmsədr dövlətlərinin indi atacağı ən müsbət addım elə bu lazımsız, hadisələrin yedəyində sürünən formatı ləğv etməsilə bağlı qəbul etdiyi qərar ola bilər.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Ermənistan tarixi boyu öz milli təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilməyib: “O, SSRİ dövründə bu dövlətin rəhbərliyində təmsil olunan erməni əsilli şəxslər vasitəsilə xüsusi imtiyazlar əldə edib. İttifaqın süqutundan sonra isə digər dövlətlərin (Rusiya, Fransa, ABŞ) himayəsinə bel bağlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı zamanı da Ermənistan müstəqil şəkildə hərbi uğur qazanmamış, əsasən bəzi xarici qüvvələrin dəstəyi ilə həmin işğalı reallaşdırmışdı.

Ermənistanın xarici siyasətində ənənəvi olaraq “qarant dövlət” tapmaq strategiyası ön planda olub. Bu, faktiki olaraq İrəvanın hərbi, siyasi və iqtisadi imkanlarının məhdud olması, qonşu ölkələrə ərazi iddiaları irəli sürməsi ilə bağlıdır. Ermənistan bu gün də eyni siyasəti yürütməyə davam edir. Postmüharibə dövründə Paşinyan hakimiyyəti Fransanı və ABŞ-ı regionda fəallaşdırmağa çalışaraq, özünə yeni təhlükəsizlik konfiqurasiyası formalaşdırmaq niyyətindədir. Ermənistandan fərqlı olaraq  Azərbaycan həmişə müstəqil xarici siyasət yürütməyə çalışıb və bu yolda xarici təzyiqlərə, hətta ağır itkilərə məruz qalıb. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycanın torpaqlarının işğal olunmasına baxmayaraq, ölkəmiz kənar dövlətlərin diktə etdiyi şərtlərlə heç vaxt razılaşmayıb. Başqa sözlə desək, ərazi itirilsə də müstəqillik qorunub saxlanıb.  Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövründə formalaşmış ən əsas prinsip ondan ibarətdir ki, ölkənin təhlükəsizliyinin əsas qarantı elə Azərbaycan dövlətinin özü olmalıdır. Yəni, ordu quruculuğu, iqtisadi güc və diplomatik siyasət daxili imkanlarla gücləndirilməlidir. 2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycan öz gücü və resursları ilə BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi qətnamələrin icrasına nail oldu. Bu, eyni zamanda, onu göstərdi ki, Azərbaycan kənar qüvvələrin qərar və dəstəyinə yox, öz hərbi-siyasi potensialına arxalanmağı üstün tutur.

İkinci Qarabağ müharibəsindən sonra Nikol Paşinyan hakimiyyəti “köhnə təhlükəsizlik formatının” - yəni təkcə Rusiya ilə hərbi ittifaqın kifayət etmədiyini başa düşdü. Qərbə inteqrasiyanı daha da dərinləşdirmək istədiyini bəyan edən Paşinyan, praktiki olaraq Fransanı və ABŞ-ı regionda fəal rol oynamağa çağırdı. Minsk qrupu faktiki olaraq regiondan kənarda qalmışdı, çünki qurum 30 ilə yaxın fəaliyyətində nəticə verə bilməmişdi. Ermənistan hökuməti Minsk qrupunun aktivləşdirilməsinə çalışmaqla, həm də Qərbin bu format vasitəsilə yenidən regiona dönməsinə şərait yaratmağa cəhd göstərir. Fransa və ABŞ bu dəfə yalnız “Minsk Qrupu həmsədrləri” kimi deyil, digər humanitar, sülhməramlı və ya müşahidəçi missiyalar adı altında Ermənistanda mövqelərini gücləndirirlər. Ermənistan rəhbərliyi bununla həm Rusiyaya alternativ yaradır, həm də xaricdən siyasi-hərbi dəstək əldə etməklə, ölkədəki hakimiyyətinin möhkəm qalmasını hədəfləyir. Əgər Ermənistan həqiqətən sülhə can atırsa, münaqişə ilə məşğul olmalı olan bir təsisata münaqişə bitəndən sonra ehtiyac qalmır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bundan əlavə, sülhə nail olmaq istəyən dövlət aqressiv ritorikaya köklənməz.  ATƏT, AŞPA və Frankofoniya Təşkilatı kimi platformalardan Azərbaycana qarşı böhtan və təxribat xarakterli məlumatlar yaymazdı. Ermənilərin bu platformalardan “təzyiq vasitəsi” kimi istifadə etməsi, sülh niyyətlərinə şübhə yaradır. Ermənistanın sülh müqaviləsinə imza  atmaq üçün atmalı olduğu əsas addım Azərbaycanın ərazi bütövlüyünü əməldə tanımaqdır. Bu,  təkcə diplomatik bəyanatlarda yox, həm də Ermənistan Konstitusiyasının preambulasında yer alan və digər hüquqi sənədlərinə müvafiq düzəlişlər olunmasında əksini tapmalıdır. Hal-hazırda Ermənistan Konstitusiyasında “Ermənistan və Dağlıq Qarabağın birləşməsi” kimi müddəalar (ya da bu qəbildən olan ideoloji yanaşmalar) Azərbaycanın ərazi bütövlüyünə ziddir və iki ölkə arasında inamsızlığın əsas mənbəyinə çevrilir.

Ermənistanın sülhə hazır olub-olmaması təkcə hökumətin bəyanatları ilə məhdudlaşmır; cəmiyyətdə formalaşmış “tarixi torpaqlar” və “böyük Ermənistan” çağırışları da əngəl yaradır. Buna görə də, səmimi sülh prosesinə qədəm qoymaq üçün rəsmi  İrəvan öz cəmiyyətini sülhə hazırlamalı və sərhədlərin qarşılıqlı şəkildə tanınması prinsipini qəbul etməlidir. Ermənistanın gələcək inkişafı onun qonşuları ilə münasibətlərinin normallaşmasından asılı olacaq. Təkcə coğrafi deyil, həm də iqtisadi gerçəkliklər göstərir ki, Ermənistan blokadadan çıxmaq, ticarət əlaqələrini genişləndirmək və regional layihələrə qoşulmaq üçün sülh sazişi imzalamağa məcburdur. Süni maneələr yaratmaq və köhnə iddialara qapılmaq əvəzinə  Ermənistan konstruktiv addımlar atmalı, ərazilərin qarşılıqlı tanınmasına gedərək sabit və sülh şəraitində inkişaf yolunu seçməlidir.”

Şəmsiyyə Əliqızı, “İki sahil”