25 fevral 2025 14:27
105

Gənclərlə “Reza Deqatinin gözündə Xocalı Soyqırımı” adlı görüş keçirilib

Bakı Dövlət Universitetində (BDU) gənclərlə “Reza Deqatinin Gözündə Xocalı Soyqırımı” adlı görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüş Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması məqsədi daşıyıb.

BDU-nun rektoru Elçin Babayev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Gənclər Fondunun icraçı direktor müavini Yusif Vəliyev və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli çıxış edərək bu cür tədbirlərin gənclərin milli tarixi daha dərindən anlaması və Azərbaycan həqiqətlərini beynəlxalq arenada düzgün şəkildə təbliğ etməsi baxımından çox önəmli olduğunu vurğulayıb, dünyaca məşhur fotoqraf Reza Deqatinin Xocalı Soyqırımına dair fotoşəkilləri və şahidliyinin hadisənin faciəvi reallıqlarını gənclərə vizual olaraq çatdırmaqda mühüm rol oynadığını qeyd ediblər.

Tədbirin davamında Reza Deqati Xocalı Soyqırımından dərhal sonra çəkdiyi nadir fotoları təqdim edərək şahidi olduğu hadisələrdən danışıb.

O, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə canlandığını söyləyib. Fotoqraf vurğulayıb ki, Xocalı Faciəsi təkcə Azərbaycan xalqına deyil, ümumiyyətlə insanlığa qarşı törədilmiş ağır cinayətdir və bu cinayətin tanınması üçün beynəlxalq səviyyədə mübarizə aparmaq vacibdir.

Qeyd edək ki, “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Azərbaycan Gənclər Fondu, Bakı Dövlət Universiteti və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.