25 fevral 2025 10:20
173

Pakistan-Azərbaycan münasibətləri iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir - TƏHLİL

Dövlət başçısı İlham Əliyevin ölkəmizdə səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında səsləndirdiyi çağırışlar, imzalanan çoxsaylı sənədlər iki dost ölkənin əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini təqdim edir

Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan əmkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsinə xüsusi önəm verir. Əsas çağırış dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın qorunmasıdır. Bunun üçün tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından sonra ikitərəfli əməkdaşlığın coğrafiyasına və beynəlxalq təşkilatlarda əlaqələrin inkişafına diqqət yetirmək kifayətdir.  Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi ölkələrdən biri dost, qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə dövlət səfəri keçilən yolun təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev Pakistanın Baş naziri ilə təkbətək və   geniş tərkibdə görüşlər keçirdi. Bu görüşlərdə münasibətlərimizin hazırkı inkişaf səviyyəsi geniş təhlil edildi, hazırkı dövrün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan və Pakistan liderlərinin mətbuata birgə bəyanatlarında bir daha bu reallıq xüsusi diqqətə çatdırıldı ki, qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır.

Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.  Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib. Möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır.

İki ölkənin münasibətlərinin hazırkı inkişafında möhkəm təməlin rolu inkaredilməzdir. Bu təməlin qurulmasında Ümummilli Lider Heydər Əliyevin rolu danılmazdır. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələrdən bəhs edərkən ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasını vacib amil kimi önə çəkmişdi. Azərbaycan hər zaman əməkdaşlığa önəm verir, yerləşdiyi coğrafi məkan yeni körpülərin qurulmasında stimulverici amil rolunu oynayır. Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə dost, qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizin bugünkü və gələcək inkişafında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.

Prezident İlham Əliyevin  2005-ci ildə  Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ildə  İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı, əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirdi. Həmin Zirvə görüşündəki çıxışında cənab İlham Əliyev bu reallıqları xüsusi qeyd etmişdir ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlərlə gözəl münasibətə malik olduğundan Azərbaycan tərəfdaşları ilə istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə iqtisadi əlaqələrini möhkəmləndirib.  İqtisadi Əməkdaşlıq Təşkilatını yalnız Şərq və Qərb, Şimal və Cənub arasında fiziki körpü deyil, müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən məkan kimi təşviq etməkdə səylərimizi əsirgəməmişik. Ölkələrimizin xalqlarını birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatını əhəmiyyətli beynəlxalq qurum hesab edir. Belə bir əminlik də ifadə edilmişdir ki, gələcəkdə beynəlxalq iqtisadi əməkdaşlıqda İqtisadi Əməkdaşlıq Təşkilatının rolu artacaq. Artıq o vaxtdan ötən 8 ilin xronologiyasına diqqət yetirsək Azərbaycanın qurumun beynəlxalq nüfuzunun artması istiqamətində böyük səylər göstərdiyini görərik. Azərbaycan və Pakistan bu təşkilat daxilində iqtisadi əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdır.

Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşdəki çıxışında  sözügedən səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcəyinə,  beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyimizə əminliyini ifadə edərək onu da vurğuladı ki, bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik.

Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsinin tərəfdaşlığının yaxşı nümunəsidir. Azərbaycan və Pakistan  beynəlxalq təsisatlarda hər zaman bir-birini  dəstəkləyir, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək verir. Qarşıda çox geniş sərmayə gündəliyi dayanır.

Onu da qeyd edək ki, ölkələr arasında iqtisadi əlaqələrin inkişafında biznes forumlar əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycan-Pakistan Biznes Forumu hər iki ölkənin iqtisadi imkanlarının təqdimatında, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsində öz sözünü deyəcək. Əsas hədəf iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmaqdır ki,  bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə çıxışında  iki ölkənin münasibətlərini  “Azərbaycan və Pakistan xalqlarının ürəyi bir döyünür. Mən bunu tam səmimi qəlbdən söyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. Siz Pakistan xalqını sevirsiniz” sözləri ilə ifadə edərək onu da bildirdi ki, Pakistanın bütün hökumətlərini, ölkəmizin bütün siyasi partiyalarını ortaq məqsəd birləşdirir: bu, bizim Azərbaycanla, Sizinlə və Azərbaycan xalqı ilə olan dostluğumuz və qardaşlığımızdır.

Cənab İlham Əliyev mətbuata bəyanatında səfərin əhəmiyyətini belə xarakterizə etdi ki, bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq: "Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. ”  Baş nazir Məhəmməd Şahbaz Şərif isə bəyanatında vurğuladı ki, təkcə bu regionda deyil, bütün dünyada sülh, tərəqqi və çiçəklənmə olmalıdır: "Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq."

Qarşılıqlı səfərlər hər zaman əlaqələrimizin inkişafında yeni mərhələnin əsası olub. Səfərlərin tarixinə qısa nəzər salaq. Pakistan  Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və bu ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Bakı-İslamabad əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə olub. 2015-ci ildə Pakistanın o vaxtkı Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib.

Dövlət başçısı  İlham Əliyevin ötən ilin iyulunda Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb etdi. Səfər zamanı Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirdi. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirdi.

Dünya 44 günlük İkinci Qarabağ müharibəsi zamanı  Azərbaycan-Pakistan qardaşlığının bir daha şahidinə çevrildi. Müharibənin başlandığı gündən Pakistan ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Daim ölkəmizin yanında olan rəsmi İslamabad Azərbaycanın mövqeyini dəstəkləyərək bəyanatları ilə dünyanın diqqətində oldu. Küçə və meydanlarımızı Azərbaycan, Türkiyə və Pakistanın birgə dalğalanan bayraqları bəzədi. Tarixi Zəfərimizə bizimlə bərabər qardaş, dost Türkiyə və Pakistan sevindi. Onu da qeyd edək ki, İslamabad hökuməti Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir.  Pakistanın siyasi rəhbərliyi müharibədən sonra da Azərbaycana dəstəyini davam etdirib, azad olunmuş ərazilərin yenidən qurulması prosesinə töhfə vermək niyyətini ifadə edib. Bu, təkcə iki dövlət arasındakı dostluğun deyil, həm də iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir.

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Azərbaycan-Pakistan münasibətlərinin bu istiqamətdə davamlı inkişafı üçün geniş imkanlar mövcuddur. İki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Azərbaycanın Pakistanla kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı üçün böyük potensialı mövcuddur. Azərbaycanın neft-qaz sənayesində qazandığı təcrübə və enerji resursları Pakistan üçün mühüm əhəmiyyət daşıyır. Pakistan isə öz növbəsində əczaçılıq, tekstil, aqrar və emal sənayesi sahələrində Azərbaycan bazarında öz mövqeyini gücləndirə bilər. Onu da qeyd edək ki, Azərbaycanın coğrafi mövqeyi, onun Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır.

Azərbaycan və Pakistan, həmçinin D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu kimi qurumlar çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir.

Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Prezident İlham Əliyev ötən il Pakistana səfəri çərçivəsində  İslamabadda “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə tanış oldu. Bu tanışlıq  iki ölkə arasında hərbi və texnoloji sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş mühüm bir addım kimi dəyərləndirildi. Bu əməkdaşlıq Azərbaycanın hərbi potensialını artırmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizlik sistemində daha güclü mövqeyə sahib olmasına da şərait yaradır.

İki ölkə arasında son illərdə təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişlənməsi diqqət çəkir. Mədəni tədbirlər, sərgilər və festival proqramları da mütəmadi olaraq təşkil edilir. Pakistanın və Azərbaycanın Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq çərçivəsində hər iki ölkədə bir sıra mədəni tədbirlər keçirilir. Bakıda və İslamabadda təşkil olunan Pakistan və Azərbaycan mədəniyyət günləri, kino həftələri və incəsənət sərgiləri xalqlarımızın bir-birinin mədəni irsini daha yaxından tanımasına şərait yaradır. İki ölkə arasında humanitar sahədə əməkdaşlıqda Heydər Əliyev Fondu böyük rol oynayır. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Bu layihələrin miqyası genişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  2013-cü ildə Pakistanın nüfuzlu “Könüllü qadınlar” təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizmin Simvolu - 2012-ci İlin Qadını” mükafatı ilə təltif olunması,  2015-ci ildə isə Pakistanın ovaxtkı Prezidenti Məmnun Hüseynin  Mehriban xanım Əliyevanı “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilməsinə dair Sərəncamı  həyata keçirilən layihələrin, görülən işlərin  təqdimatıdır.  Heydər Əliyev Fondunun uğurlu layihələri bu gün də davam etdirilir. Bunlar Azərbaycan-Pakistan əlaqələrinin mədəni və humanitar sahədə daha da möhkəmləndirilməsinə böyük töhfədir.

Ümumilikdə,  iki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir, yeni imkanlar yaranır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfərinin əhəmiyyətini açıqlayan mühüm amillərdən biri də imzalanan sənədlər oldu. Belə ki, bütün sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün möhkəm hüquqi bazanın mövcudluğu özünü daha aydın şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında, həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. Bu sənəd bir daha ölkələrimizin iqtisadi əməkdaşlıqda enerji amilinə verdiyi önəmi təsdiqlədi.   “SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavə imzalandı.  Sənədlərin say tərkibinə diqqət yetirsək enerji sahəsində əməkdaşlığın prioritet olduğunu görərik. “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu və  “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişi imzalandı. “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, həmçinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında ilkin elektron məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Pakistanın Milli Müdafiə Universiteti arasında elmi-tədqiqat və əməkdaşlıq fəaliyyətləri sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”  da imzalanan çoxsaylı sənədlər sırasındadır. Sənədlərin say tərkibi əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Hazırkı dövrün əsas çağırışlarından olan yaşıl enerjiyə keçid əlaqələrimizdə əsas istiqamətlərdən biridir. Ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində dövlət başçısı İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə də bu məsələlər geniş müzakirə edilmişdir.

Bu faktlar iki ölkə arasında mövcud olan dərin dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu cür qarşılıqlı münasibət  iki dövlət arasında əlaqələrin  təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də humanitar sahədə dərin köklərə sahib olduğunu göstərir. Eyni zamanda, Azərbaycan və Pakistan arasında turizmin inkişafına xüsusi diqqət yetirilir. Son illərdə pakistanlı turistlərin Azərbaycana axını artıb və iki ölkə arasında viza rejiminin sadələşdirilməsi bu sahədəki əlaqələri daha da gücləndirib.

Hazırda diqqət göstərilən məsələlərdən biri Azərbaycan-Türkiyə-Pakistan birliyi, həmrəyliyidir. Dünya 2021-ci ildə  Azərbaycan-Türkiyə qardaşlığının zirvəsi olan   Şuşa Bəyannaməsinin ardınca Azərbaycan-Türkiyə-Pakistan birliyinin təcəssümü olan Bakı Bəyannaməsindən bəhs etdi. Ölkəmizdə üç dost ölkənin parlament sədrlərinin  toplantılarının keçirilməsi və sonda bir sıra çağırışları, dünyaya mesajları, perspektivləri ehtiva edən Bakı Bəyannaməsinin imzalanması Vətən müharibəsindən sonra yaranan reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi istiqamətində atılan addımlar sırasında oldu.  Cənubi Qafqazda möhtəşəm siyasi, iqtisadi, hərbi  gücü formalaşdıran, Türkiyə ilə müttəfiqlik əlaqələrinin gücləndirilməsinə yönələn   Şuşa Bəyannaməsindən sonra Bakı  Bəyannaməsinin imzalanması etibarlı güc mərkəzinin formalaşdırılmasıdır. İslam həmrəyliyinin ifadəsi olan bu birlik regionda gedən proseslərə təsiri baxımından da  əhəmiyyətlidir. Bakı Bəyannaməsi ölkələrimiz arasındakı  diplomatik əməkdaşlıq, Azərbaycanın mövqeyinin daha etibarlı müdafiəsi baxımından bu gün daha vacibdir. Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının daha da dərinləşməsinə yol açacaq Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin zirvəsi olan Şuşa Bəyannaməsindən sonra dünyaya növbəti mesajları ünvanlayan sənəd oldu. Burada Azərbaycanın tarixi Zəfərindən bu günədək əldə edilən uğurlar, hədəflər, yeni reallıqların diktə etdiyi əməkdaşlıq formatları, ədalətin, beynəlxalq hüququn  hər bir məsələnin həllində əsas rolu, ən əsası regionda və dünya siyasətində yaradacağı yeniliklər öz əksini tapıb. Əməkdaşlığın parlamentlər səviyyəsində qurulması və inkişaf etdirilməsi də bugünümüzün tələbləri sırasındadır. Bu birlik dost ölkələrin milli maraqlarımızın beynəlxalq səviyyədə  müdafiə olunmasında da öz sözünü deyəcək. Təbii ki, atılan hər bir addım Azərbaycanın Zəfərinin təqdimatı, onun haqlı, qalib tərəf kimi diktə etdiyi reallıqların uğurlu icrasında dost, qardaş ölkələrin dəstəyinin göstəricisidir.

Qeyd etdiklərimiz belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan və Pakistan  iki qardaş ölkədir. Əlaqələrimiz qarşılıqlı etimad, hörmət və hədsiz səmimiyyət üzərində qurulub.

Yeganə Əliyeva, “İki sahil”