Azərbaycanda su ehtiyatlarının azalması kənd təsərrüfatına ciddi təsir edir.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində son 20 ildə Azərbaycanın su ehtiyatlarında 4-5 % azalma müşahidə olunur: “Çay sularının azalması kənd təsərrüfatına birbaşa təsir edir. Hazırda ölkədə 1,5 milyon hektardan çox əkin sahəsinin suvarılması təmin edilir. Bunun 350 min hektarında yeni su mənbələrinin yaradılması istiqamətində işlər aparılır."
A. Abbasov qeyd edib ki, Araz çayı və digər transsərhəd suların istifadəsi məsələsi dövlət səviyyəsində müzakirə olunur: “Yeni su anbarlarının yaradılması və suyun təkrar istifadəsi üzrə layihələr həyata keçirilir. Azərbaycan hökuməti kənd təsərrüfatı üçün alternativ su mənbələrinin artırılması istiqamətində sürətli addımlar atmağı planlaşdırır".