ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasında Vaşinqtonda keçirilən görüşdə yaranan qalmaqal Fransa lideri Emmanuel Makronu nüfuzdan salıb və onun etibarlı vasitəçi kimi roluna şübhələri artırıb.
“İki sahil” xəbər verir ki, bu fikri Avropa Parlamentinin Fransadan olan üzvü Tyeri Mariani bildirib.
"Fransa üçün nəticələr birbaşa və xoşagəlməz olacaq. Makron çətin vəziyyətdədir, çünki o, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsində Fransanın təsirini qoruyub saxlamaq ümidi ilə vasitəçilik etmək qərarına gəlib. Lakin baş verənlər Makronu nüfuzdan salır, onun etibarlı və ciddi vasitəçi olmadığı təəssüratı yaradır", - avroparlamentari deyib.
Onun sözlərinə görə, Fransanın Kiyevə dəstək məsələsində aparıcı rol almaq istəyi onun üçün təhlükədir. ABŞ müdaxiləni dayandırarsa, Makronun dəstək çağırışları çox güman ki, iflasa uğrayacaq.
"Paris ya bu prosesdə öz töhfəsini artırmalı; bu, maliyyə və siyasi cəhətdən baha başa gəlir, ya da ikinci dərəcəli rolu oynamağa razılaşmalıdır", - T.Mariani qeyd edib.