Könüllülük insanlar arasındakı sosial əlaqələrin mükəmməl şəkildə formalaşmasında, yeni ali dəyərlərin meydana gəlməsində, qarşıya çıxan problemlərin fərqli çözüm yollarının ortaya çıxmasında çox mühüm rol oynayır
Bu gün ölkəmizin ictimai-siyasi həyatında, sosial-mədəni tədbirlərində və digər sahələrdə nümunə göstərən gənclərimizin fəaliyyətində könüllülük xüsusi yer tutur. Artıq könüllülük bir çox sahələrdə özünü qabarıq büruzə verərək, ümummilli hərəkata çevrilib və cəmiyyətimizin bütün təbəqələrini əhatə edib. Könüllülük ölkədə sosial, humanitar, ekoloji, mədəni, idman və dövlət idarəçiliyi kimi bir sıra istiqamətləri əhatə edərək gənclərin inkişafına və ictimai fəaliyyətə cəlb olunmasına mühüm töhfə verir.
Prezident İlham Əliyev çıxışlarında həmişə gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkir. Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyidir. Dövlət başçımızın müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər İli” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva etdi. Bu Sərəncam bir daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, gənclərimizin potensialına olan tükənməz inamın göstəricisi, eyni zamanda, könüllü gənclərimizin fəaliyyətinə verilən ali dəyərdir.
Könüllülük heç bir maddi qarşılıq gözləmədən dövləti, milləti, xalqı üçün çalışan gənclər ordusudur. Biz könüllülük fəaliyyətinin başlanğıcını ilk dəfə “Eurovizsion-2012” mahnı müsabiqəsində görməyə başladıq. İlk başlayanda könüllü gənclərin sayı 2-3 min idisə, artıq bu gün Azərbaycanda 100 minlərlə könüllülər ordusu yaranıb. Əvvəllər Azərbaycanda keçirilən hər hansı beynəlxalq tədbirlərin hərtərəfli reallaşması üçün tərcüməçilər, bələdçilər dəvət edilirdisə, sonralar bütün bu öhdəlikləri könüllülər öz üzərlərinə götürdülər.
Xatırladaq ki, ölkəmizdə könüllülər hərəkatında “ASAN xidmət”in də xüsusi rolu olub. Onlar ölkəmizdə keçirilmiş böyük beynəlxalq idman yarışlarında - Birinci Avropa və IV İslam Həmrəyliyi Oyunlarında böyük xidmət göstəriblər. Könüllülərin bu əməyini yüksək dəyərləndirən ölkə başçısı bildirmişdir ki, könüllülərsiz biz bu böyük yarışları keçirə bilməzdik. Prezident İlham Əliyev, həmçinin qeyd etmişdir ki, “ASAN xidmət”in Azərbaycanın milli brendinə çevrilməsində də onların böyük əməyi olub.
Bu gün ölkəmizdə çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işləri və əməlləri ilə cəmiyyətdə böyük rəğbət qazana biliblər. Üstəlik ölkəmizin inkişafına çox böyük töhfələr verirlər. Artıq ölkə başçısının göstərişinə əsasən dövlət təşkilatlarına, nazirliklərə, dövlət şirkətlərinə də könüllülər işə cəlb edilməkdədirlər. Şübhəsiz bu, könüllülərin fəaliyyətinə göstərilən diqqət və münasibətin təcəssümüdür. Bunu həm də dövlət başçısının onlara göstərdiyi böyük etimadın göstəricisi kimi dəyərləndirmək olar. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir.
Hazırda Azərbaycanda könüllülük hərəkatı güclü inkişaf mərhələsindədir və minlərlə gənc müxtəlif təşəbbüslərdə aktiv iştirak edir. Könüllülük yalnız sosial və ictimai işlərə töhfə vermək deyil, həm də fərdi inkişaf, peşəkar təcrübə qazanmaq və vətəndaş cəmiyyətinin formalaşmasına dəstək olmaq üçün böyük bir platformadır. Gənclər arasında könüllülük və sosial layihələr yalnız cəmiyyətə fayda verməklə qalmır, həm də gənclərin şəxsi inkişafına sosial məsuliyyət hissinin güclənməsinə və liderlik bacarıqlarının artmasına səbəb olur. Könüllü fəaliyyətlərə iştirak edən gənclər gələcəyin güclü liderləri və vətəndaşları olacaqlar. Dövlət və qeyri-hökumət təşkilatları bu fəaliyyətləri dəstəkləyir və təşviq edirlər.
Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”