06 mart 2025 09:11
147

Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün: Qardaşlığın daha bir simvolu

Dövlət başçısı İlham Əliyev qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində bir daha bildirdi ki, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir

Dövlət başçısı  İlham Əliyev martın 5-də Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəldi. Hər  zaman qeyd etdiyimiz kimi, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Qarşılıqlı  səfərlər, imzalanan sənədlər, günün aktual məsələləri ətrafında geniş fikir mübadiləsinin aparılması və ortaq mövqenin ortaya qoyulması əlaqələri daha da möhkəmləndirir, yeni hədəflərin müəyyənləşdirilməsinə stimul verir. Dövlət başçısı İlham Əliyev vurğulayır ki, vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik.    

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan-Türkiyə  dostluğu,  qardaşlığı dünyaya nümunədir. Dünyada elə bir ölkə yoxdur ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olsun. Hər bir səfər, önəmli hadisə keçilən yolun təhlilini, iki ölkənin möhkəm təmələ əsaslanan münasibətlərinin tarixini təhlil etməyi bir zərurət kimi qarşıya qoyur. Bu fakt daim xüsusi qeyd edilir ki, 44 günlük İkinci Qarabağ müharibəsi münasibətlərimizi daha da möhkəmləndirdi və yeni  istiqamətlərin müəyyənləşdirilməsinə stimul oldu.

Ötən il ölkəmizdə keçirilən  prezident seçkilərində inamlı qələbəsindən sonra qardaş ölkəyə rəsmi səfəri zamanı mətbuata bəyanatında «Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır» söyləyən cənab İlham Əliyev onu da vurğuladı ki,  Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan qardaş ölkənin uğurlarına öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etdi və bütün 44 gün ərzində Türkiyə  yanımızda idi: «Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik.»

Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra ölkəmizə  göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsi əsas götürülərək  bütün məsələlərdə  iki dost ölkə bir yerdədir, bir nöqtəyə vurur. Cənab İlham Əliyevin bildirdiyi kimi, biz öz gücümüzə güc qatırıq. Təbii ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

O da məlumdur ki, ötən ilin iyul ayında Qarabağın tacı Şuşada Türk Dövlətləri Təşkilatının (TDT)  qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu fakt inkaredilməzdir ki, dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda türk dünyasının birliyini, həmrəyliyini görür. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Azərbaycan və Türkiyənin Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına töhfələri böyükdür. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində bu reallığı da diqqətə çatdırmışdır ki, bizim ailəmiz türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və  siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır,  ərazidir,  hərbi gücdür,  iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.

2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatına çevrildi və bununla da təşkilatın beynəlxalq nüfuzu artırıldı.  TDT türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirərək birgə maraqları müdafiə edir.  Prezident İlham Əliyev 2021-ci ilin noyabrında  İstanbulda keçirilən TDT-nin VIII  Zirvə görüşündə çıxış edərək türk dünyasının birliyinin vacibliyini vurğuladı  və türk dövlətlərini qarşılıqlı dəstəyi artırmağa çağırdı: «Mən çox şadam ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.»

Prezident İlham Əliyev TDT-nin digər  Zirvə toplantılarında da çıxışları zamanı Türk dünyasının vahid bir strategiya ilə birləşməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı çıxışlarında xüsusilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın möhkəmləndirilməsi, ortaq maraqların müdafiə edilməsi və türk dünyasının beynəlxalq səviyyədə daha da güclənməsi mövzularını gündəmə gətirdi. 2021-ci ildə İstanbulda keçirilən Zirvə toplantısında Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədə və türk dövlətlərinin, xüsusilə Türkiyənin Azərbaycanın yanında durmasını xüsusi olaraq qeyd etdi. O, həmçinin TDT çərçivəsində üzv dövlətlərin hərbi sahədə də birgə əməkdaşlıq etməsinin zəruriliyini  vurğuladı.  Azərbaycanın və Türkiyənin TDT-dəki əsas rolu təşkilatın iqtisadi inkişafını və siyasi stabilliyini təmin etməkdir. Hər iki ölkə bir-birini dəstəkləyir və təşkilatın birgə layihələrində fəal iştirak edirlər.

Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri  sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. İki ölkənin siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişlənərək beynəlxalq miqyas alıb. Bu gün Cənub Qaz Dəhlizinin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın genişləndirilməsi məsələsi gündəmdədir. Reallıq budur ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənib. 2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard  dollar olub. Ötən il də artım dinamikası davam edib, Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi isə 20 milyard dolları ötüb. Bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarük edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Cənub Qaz  Dəhlizinin əsas tərkib hissələrindən olan  TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi  Azərbaycanın qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır.

İki ölkə arasında ticarət əlaqələri, enerji və nəqliyyat sahələrində əməkdaşlıq da kifayət qədər genişdir. 2000-ci illərdə xüsusilə enerji və infrastruktur layihələri ölkəmizin iqtisadi inkişafını dəstəkləmək və Türkiyə ilə əlaqələri daha da möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan enerji ixracatı sahəsində Türkiyə vasitəsilə Avropaya açılan yeni yollar əldə edib, bu da hər iki ölkə üçün strateji baxımdan əhəmiyyətli oldu. Bu mühüm məqamı da xüsusi qeyd etmək istərdik ki, 2023-cü ildə Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start verildi. Belə ki,  Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması tarixi hadisə kimi dəyərləndirildi və bu əminlik ifadə olundu ki,  layihə  uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir. Həmçinin İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi  keçirildi. İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair Anlaşma Memorandumu imzalandı. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə 2023-cü ildə  qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Dövlət başçısı İlham Əliyevin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezidentlər İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak etdilər. «Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür. İqdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla  birlikdə bir il yarım bundan əvvəl  bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl tədbirdə iştirak edirik”. Bu gün Türkiyə ilə Azərbaycan -iki qardaş ölkə nəhəng layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimiz birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycanda Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Mərasimdə o da qeyd edildi ki, bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq. Bizim birgə həyata keçirdiyimiz enerji,  eyni zamanda, nəqliyyat layihələrinin reallaşdırılmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz, həm də daha geniş coğrafiya, xüsusilə türk dünyasını birləşdirmək üçün bu nəqliyyat xəttinin çox böyük mənası, faydası var. Təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir”.

Tarixi dostluqdan strateji müttəfiqliyə qədər  gedən yolu təhlil etsək Azərbaycan-Türkiyə qardaşlığının böyük gələcəyi olduğunu əminliklə qeyd edə bilərik. Tarixə nəzər salaq. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri XX əsrin əvvəllərindən etibarən inkişaf etməyə başlayıb. İki ölkənin ortaq tarixi, mədəniyyət və dil bağları bu əlaqələri daha da möhkəmləndirib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Osmanlı İmperiyasının varisi olan Türkiyə bu müstəqil dövləti dəstəkləyərək diplomatik əlaqələrini genişləndirmişdi. Lakin Sovet İttifaqı dövründə iki ölkə arasında əlaqələr əsasən qeyri-rəsmi şəkildə mövcud olub. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə münasibətlər daha da yaxınlaşmağa başladı.  Türkiyə bu müstəqilliyi tanıyan ilk ölkə oldu. Həmin dövrdən etibarən ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə dərin əməkdaşlıq qurulub. 1990-cı illərin sonlarından başlayaraq, xüsusən də müstəqilliyin ilk illərində Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərib, həmçinin iqtisadi inkişaf sahəsində bir çox layihələrdə iştirak edib. Türkiyə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyini xüsusilə keçmiş Qarabağ münaqişəsi zamanı açıq şəkildə nümayiş etdirirdi.

Tarixi Zəfərimizin reallıqları əsasında Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı, müttəfiqliyi 2021-ci ilin 15 iyun tarixində  rəsmiləşdi. Belə ki, həmin tarixdə  Qarabağın tacı Şuşanın şahidliyi ilə Şuşa Bəyannaməsi imzadandı. Şuşa Bəyannaməsi əslində Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bəyan edən növbəti mesaj  oldu.  Bəyannamədə  Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədlər xatırlanır. Belə ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinə, dostluq və əməkdaşlıq müqaviləsinə, Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsinə istinad edir. Bundan əlavə, Şuşa Bəyannaməsində Ümummilli Lider Heydər Əliyevin və Böyük Öndər  Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamları da bir daha  xatırlanır. Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir», Ulu Öndər Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» çağırışları xüsusi olaraq önə çəkilir. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək mərhələyə çatdıraraq, Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək.  Dövlət başçısı İlham Əliyevin «Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır» çağırışı iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin region, dünya üçün əhəmiyyətini açıqlayır. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Ümumilikdə, bu Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı üçün yol xəritəsidir.

Ölkələrimizin hərbi sahədəki əməkdaşlığı da hər zaman böyük önəm daşıyır. Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına  Türkiyənin verdiyi dəstək, xüsusilə hərbi təlimlər və silah tədarükü sahələrində davam edir. Ordularımız  bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir. Cənab İlham Əliyev bildirir ki,  İkinci Qarabağ savaşı və ondan üç il sonra  2023-cü ilin  sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar var.

2023-cü ilin fevralında qardaş ölkədə baş verən dəhşətli zəlzələ böyük fəlakətlərə  yol açdı. Bu zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi yardım qardaşlıq və dostluq münasibətlərinin ən gözəl nümunəsidir. Azərbaycan zəlzələdən zərər çəkən əhaliyə dərhal humanitar yardım göndərdi, Fövqəladə Hallar Nazirliyi vasitəsilə axtarış-xilasetmə əməliyyatlarına qatıldı. Yalnız təcili yardımlarla kifayətlənməyən dövlətimiz bölgənin uzunmüddətli bərpasına da mühüm töhfələr verdi. Bu dəstəyin ən mühüm nümunələrindən biri Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan” məhəlləsi oldu. Bu məhəllənin tikintisi Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilir və bütün xərclər Azərbaycan dövləti tərəfindən qarşılanır. Məhəllədə Kahramanmaraşda zəlzələ səbəbindən evsiz qalan ailələr üçün 1000-dən çox mənzil inşa olunur. Layihə təkcə yaşayış və ticarət obyektləri ilə məhdudlaşmır. Burada, həmçinin məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi, məscid və digər sosial obyektlər də tikilir. Burada inşa edilən məktəbə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı verilib. Yaşayış massivinə “Azərbaycan” məhəlləsi adının verilməsi isə iki qardaş ölkə arasında bağları daha da gücləndirir. Məhəllənin girişində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır və mərkəzdə Azərbaycan-Türkiyə dostluğunun simvolu olan  abidə ucaldıldı. Azərbaycan təkcə Kahramanmaraşda deyil, Hatay və Adıyaman kimi zəlzələdən zərər çəkən digər bölgələrdə də tikinti işlərində Türkiyəyə dəstəyini davam etdirir.

«Azərbaycan» məhəlləsi təkcə bir yaşayış məkanı deyil, eyni zamanda, Azərbaycan və Türkiyənin qardaşlığının, sarsılmaz dostluğunun və fəlakət zamanı bir-birinə necə dayaq olduqlarının əyani sübutudur. Bu layihə bir daha göstərdi ki, Azərbaycan və Türkiyə təkcə dost və müttəfiq deyil, həm də eyni ruhu, eyni taleyi bölüşən “Bir millət, iki dövlət” anlayışına sahib qardaş ölkələrdir. Bu layihələr ölkələrimiz arasında dostluğun, əməkdaşlığın gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır və regionda sülhün, sabitliyin təminatına töhfə verir.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün türk dünyasının birliyini və inkişafını dəstəkləyir.

İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq media istiqamətində də bir zərurətə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Ortaq Media Platformasının yaradılması vacib idi. Türkiyə-Azərbaycan media əlaqələrinin inkişafı ilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması prioritet məsələyə çevrildi. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Şuşa Bəyannaməsində əksini tapan müddəalarda da bu məqam öz əksini tapır ki, yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Təbii ki, burada informasiya sahəsində əməkdaşlıq öz sözünü deyəcək. Dövlət başçısı İlham Əliyev jurnalistlərə açıqlamasında bildirmişdir ki, aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bunun özü hər şeyi deyir.

Təhsil sahəsində əməkdaşlığın da genişləndirilməsi əsas çağırışlar sırasındadır. Cənab İlham Əliyevin ötən il prezident seçkilərində inamlı qələbəsindən sonra qardaş ölkəyə səfəri zamanı imzalanan sənədlər sırasında təhsil sahəsi xüsusi yer tutdu. Təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. «Bu, gələcəyə yönəlmiş təşəbbüsdür» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq,  yad təsirdən uzaq, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Bu əminlik də ifadə edildi ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək.

Hazırkı dövrün əsas hədəfi azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılmasıdır ki, Azərbaycan burada da qardaş Türkiyənin dəstəyini görür. Bu ərazilərdə Türkiyə şirkətləri fəaliyyət göstərir. Tarixi  Zəfərimizin ilk günündə aparılan və qısa müddətdə başa çatan mühüm obyektlərin açılışını Prezident İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan etdilər. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının sevincini bizimlə eyni yaşayan qardaş ölkə hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə öz dəstəyini verməkdən qürur hissi keçirir. 

İki qardaş ölkənin münasibətlərinin qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, gələcəkdə Azərbaycan-Türkiyə əməkdaşlığı daha da inkişaf edəcək və türk dünyasının güclənməsinə töhfələr verəcək. Bu, yalnız regional deyil, qlobal təhlükəsizlik və iqtisadi inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir. Tarixin sınağından çıxaraq strateji müttəfiqlik  səviyyəsinə qədər yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı üçün möhkəm təməl mövcuddur.

Yeganə Əliyeva, «İki sahil»