26 may 2026 21:39
89

Kim qalib olacaq: Paşinyan, yoxsa “sibir xorası” və “Ermənistan zəhəri”?

İyunun 7-dən sonra Ermənistan eyni anda iki toyda rəqs edə biləcəkmi?..

Ermənistanda iyunun 7-də keçirilməsi planlaşdırılan parlament seçkilərinə 11 gün qalıb. Seçki kampaniyası baş nazir Nikol Paşinyan ilə əsasən, revanşistlərdən, Azərbaycanla sülh gündəliyinin irəliləməsinə qarşı çıxış edən müharibə tərəfdarlarından ibarət olan müxalifət arasında kəskin qarşıdurma şəraitində davam edir.

Seçkilər ərəfəsində qonşu ölkədə keçirilən rəy sorğularının nəticələri N. Paşinyanın öndə olduğunu göstərir. Ermənistanda sorğu keçirən Beynəlxalq Respublikaçı İnstitutunun (IRI) qənaətinə görə, baş nazir Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” Partiyası qarşıdan gələn parlament seçkiləri öncəsi rəqiblərindən irəlidədir. Belə ki, sorğuda iştirak edənlərin 32 faizi Vətəndaş Müqaviləsi Partiyasına səs verəcəyini bildirib. İkinci yerdə isə 6 faizlə rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku qərarlaşıb.

Sorğuda iştirak edənlərin 23 faizi qərarsız olduğunu deyib, 21 faiz isə cavab verməkdən imtina edib. IRI-nin 2026-cı ilin mart ayında keçirdiyi əvvəlki sorğuda iştirakçıların 24 faizi Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasına, 9 faizi isə Karapetyanın “Güclü Ermənistan” blokuna səs verəcəyini bildirmişdi. Sorğuda iştirak edənlərin 4 faizi Koçaryan, 3 faizi isə Sarukyanın partiyasına səs verəcəyini qeyd edib.

Suallara verilən cavab seçicilərin Ermənistanın hazırkı istiqamətini əsasən müsbət qiymətləndirdiyini göstərir. İştirakçıların 61 faizi ölkənin doğru istiqamətdə irəlilədiyinə inandığını bildirib.

Parlament seçkilərində Nikol Paşinyanın əsas rəqibləri əhəmiyyətli maliyyə və media resurslarına malik oliqarx Samvel Karapetyan, (“Güclü Ermənistan” Partiyası), birinci prezident Robert Koçarryan (“Hayastan” bloku) və Qaqik Tsarukyan (“Çiçəklənən Ermənistan” Partiyası) hesab olunur. 

Bəzi ekspertlərə görə, Ermənistanda müxalifəti dəstəkləyən xarici güclər, xüsusilə Rusiya parlament seçkiləri ərəfəsində rəsmi İrəvana təzyiqi arıtıb. Məsələn, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu  bildirib ki, 2025-2026-cı illərdə Rusiyaya qarşı düşmən münasibətdə olan bir sıra ölkələr Ermənistanın strateji tərəfdaşlarına çevrilib: Ermənistanın ümumi ticarət dövriyyəsində Rusiyanın payı 36 faiz təşkil edir: “Ölkəmiz həm ixracda, həm də idxalda birinci yerdədir. Bu gün Ermənistanın kənd təsərrüfatı ixracatının 98 faiz qədər, güclü spirtli içki ixracatının 78 faizi isə Rusiyaya gedir. 2025-ci ildə ixracın həcmi 700 milyon dolları keçib”. S.Şoyunun sözlərinə görə, ötən il Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi təxminən 3,9 milyard dollara çatıb: “Bu, köçürmələrin ümumi həcminin təxminən üçdə ikisini və ya Ermənistanın ÜDM-nin 13 faizdən çoxunu təşkil edir. Rusiya ilə əməkdaşlığın Ermənistanın iqtisadi artımının əsas hərəkətverici qüvvəsi olması mübahisəsizdir. Bizimlə iqtisadi əlaqələrin inkişaf etdirilməsi Ermənistanın ÜDM-nin yalnız 2022-2025-ci illər arasında təxminən 40 faiz artmasına imkan verdi”.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə bildirib ki, Ermənistan həm Avrasiya İqtisadi Birliyinin, həm də Avropa İttifaqının üzvü ola bilməz: “Eyni zamanda iki ittifaqda olmaq tərifinə görə mümkün deyil. Ermənistan eyni anda iki toyda rəqs edə bilməz”.

Seçki kampaniyasının davam etdyi günlərdə Rusiya Ermənistana təzyiqləri artırıb. Belə ki, Rusiya bu günlərdə fitosanitar səbəblərə görə Ermənistandan gül, mineral sular, konyak və kənd təsərrüfatı məhsulları ixracına məhduiyyət və qadağalar qoyub. Bəzi erməni siyasətçiləri bütün bunları şantaj kimi xarakterizə edirlər. Məsələn, Ermənistanın “Respublika Uğrunda” Partiyasının sədr müavini Ruben Mehrabyan bildirib ki, Rusiya iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistana qarşı görünməmiş hibrid müharibəyə başlayıb: “Ermənistandakı boşboğazlar və çirkli ağızların mənbəyi Putindir. Onlar Ermənistanı Belarusa çevirmək istəyirlər ki, sonra gedib Rusiyada eşşək kimi işləsinlər. Robert Koçarryan Ermənistan üçün zəhərdir. Putinin dəstəsi Ermənistanı yerlə-yeksan etmək istəyir”.

Ermənistanın “Xristian-Demokrat” Partiyasının sədri Levon Şirinyan qeyd edib ki, Rusiya iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistan cəmiyyətinə böyük psixoloji təzyiq göstərir: “Samvel “Sibir xorası”dır. Paşinyan baş nazir postuna yeganə namizəddir və qalib gələcək. Samvelkimilər darmadağın olublar, Rusiya onları da “Qarabağ klanı” (Serj Sərkisyan və Robert Koçaryan) kimi zibil qutusuna atıb. Putin bunlardan alət kimi istifadə edir, paslananda isə kənara tullayır”. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bəyan edib ki, Ermənistan Avropa İttifaqına meyilləndiyi üçün ona təbii qaz əvvəlki kimi, 1000 kubmetri 177,5 ABŞ dollarına yox, Avropadakı kimi 570-590 dollara satılmalıdır.

Tanınmış erməni bloger və jurnalist Roman Baqdasaryan “Dojd” kanalına açıqlamasında bildirib ki, Rusiya bu cür xırda çirkinliklərlə erməni seçicisinə təsir etmək, onu qorxutmaq istəyir. O, qeyd edib ki, Moskva İrəvana təbii qazı heç də ucuz qiymətə satmır: “Rusiya hakimiyyətinin dediyi qiymət Gürcüstan-Ermənistan sərhədini keçən qiymətə aiddir. İstehlakçılar üçünsə qaz elə Avropa qiymətlərinədir. Çünki Ermənistanın qazpaylayıcı sistemi Rusiyaya məxsusdur və Rusiya təbii qazı özü öz qazpaylayıcı şirkətinə ucuz satır. Biz erməni istehlakçılarına isə həmin qaz həmin paylayıcı tərəfindən üç dəfə baha qiymətə satılır. Ona görə də bizim üçün fərqi yoxdur, qazı həmin yüksək qiymətə Rusiyadan, yoxsa qonşu Azərbaycandan, yaxud başqa bir ölkədən ala bilərik”.

Zahid Rza, “İki sahil”