07 mart 2025 09:20
168

Avstraliyada siklon xəbərdarlığı: Brisben hava limanı bağlandı, evakuasiyalar başladı

Avstraliyanın şərq sahillərini vuracağı gözlənilən Alfred siklonu səbəbindən güclü yağış, dağıdıcı küləklər və tufan dalğaları gözlənilir. “İki sahil” xəbər verir ki, rəsmilər Kvinslend və Yeni Cənubi Uels sakinlərini təxliyə etməyə çağırıb.

Yavaşlayan Alfred siklonu cümə axşamı günü Brisbendən 240 kilometr şərqdə saatda cəmi 7 kilometr sürətlə qərbə doğru irəliləyirdi. Onun mərkəzində küləyin sürətinin saatda 130 kilometrə çatdığı bildirilir.

Güclü külək səbəbindən minlərlə evin elektrik enerjisi kəsilib. Brisben hava limanı bütün reysləri ləğv edib.

Lismorda və Yeni Cənubi Uelsin şimalındakı digər ərazilərdə evakuasiya əmri verilib, insanlar axşam saat 9-a qədər təhlükəsiz ərazilərə köçməyə çağırılıb.

Baş nazir Entoni Albanese insanları diqqətli olmağa çağıraraq, "Siklonun sürəti bir qədər yavaşladı, lakin bu yaxşı xəbər deyil", - deyib.

Yeni Cənubi Uels sahillərində reaktiv xizək istifadəçisinin itkin düşdüyü bildirilir. Rəsmilər güclü dalğalar səbəbindən dənizdə həyat üçün təhlükə olduğunu bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”