Almaniyada fevralın 23-də keçirilən parlament seçkilərinin qalibi Xristian birlik partiyaları (CDU/CSU) ilə Sosial Demokrat Partiyası (SPD) arasında koalisiya müzakirələrinə başlamaq üçün əsas məsələlər barədə razılığın əldə olunduğu açıqlanıb.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, bu barədə CDU sədri Fridrix Merts, CSU sədri Markus Söder, SPD-nin həmsədrləri Lars Klinqbayl və Saskia Esken Berlində təşkil olunan birgə mətbuat konfransında məlumat veriblər.
Fridrix Merts müzakirələrdə miqrasiya, maliyyə, əmək bazarı, iqtisadiyyat mövzularının diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, yeni hökumətin fəaliyyətə başlayacağı gündən etibarən sərhəd yoxlamalarını ciddi şəkildə artıracağını, ölkədən sığınacaq almaq üçün müraciətlərlə bağlı sərhədlərdən geri qaytarmaların həyata keçiriləcəyini açıqlayıb. Həmçinin ölkə iqtisadiyyatının 1-2 faizlik böyümə hədəfinin müəyyən edildiyi elan olunub.
SPD-nin həmsədri Lars Klinqbayl “ilk mühüm addım” kimi dəyərləndirdiyi razılaşma sənədində sənaye üçün ucuz elektrik enerjisi tarifinin və elektromobillər üçün "satınalma dəstəyi"nin nəzərdə tutulduğunu vurğulayıb.
CSU sədri Markus Söder isə mühacirlərin ailə birləşməsinin dayandırılacağını, Əfqanıstandan könüllü qəbulla bağlı uçuşların artıq həyata keçirilməyəcəyini bildirib.
Mətbuat konfransında iqtisadiyyatın inkişaf etdirilməsi üçün investisiya təşviqlərinin tətbiqi, institusional vergi islahatlarının həyata keçirilməsi, sosial yardım sistemində dəyişiklik edilməsinin də planlaşdırıldığı elan olunub. Ümumilikdə 11 səhifəlik ilkin sənəddə xeyli mövzuya toxunulub. Bir sıra məsələlər isə başlayacaq koalisiya müzakirələrində dəqiqləşdiriləcək.
Koalisiya müzakirələri partiyaların rəhbər orqanlarının qərarından sonra rəsmən başlayacaq. Almaniyanın mümkün yeni Baş naziri Fridrix Merts koalisiya müzakirələrinin sürətlə başa çatdırılmasının vacibliyini bildirib.
Xatırladaq ki, fevralın 23-də keçirilmiş federal seçkilərdə 28,52 faiz səslə birinci olan CDU/CSU ittifaqı Bundestaqdakı 630 deputat mandatından 208-nə sahib olub. Seçkilərdə 16,41 faiz səs toplayan SPD isə 120 deputat yerinə malikdir. Hökumətin qurulması üçün parlamentdə ən azı 316 deputat mandatı tələb olunur. Birlik partiyaları seçkilərdə 20,8 faiz səslə ikinci olan ifrat sağçı Almaniya üçün Alternativ partiyası (AfD) ilə koalisiyaya qəti şəkildə qarşı çıxdığı üçün CDU/CSU - SPD koalisiyası ən mümkün variant olaraq ortaya çıxır.