11 mart 2025 23:58
154

Vətən onunla qürur duyur

21 yaşında özünü Vətənə fəda edən, adında  böyük bir xalqın qəhrəmanlıq simvolunu yaşadan  Davud Yalçın oğlu Abbasov  Cəlilabad rayonunun  Sabirabad kəndində boya-başa çatıb. İndi təkcə  sabirabadlılar deyil, bütün Azərbaycan  onunla öyünür.  44 günlük  haqq savaşımızda   Davudu  Vətən, torpaq sevgisi  döyüşə aparıb, o, da düşmənin kabusuna çevrilməklə tarix yazıb. Xalq öz qəhrəman oğluna ürəyində yer edib, dövlət də onu ölümündən sonra  “Vətən uğrunda” medalına layiq görüb.

Davud Abbasov oxuduğu  Uzuntəpə kənd məktəbində  təmiz ürəkli, vicdanlı, qeyrətli bir oğul olaraq tanınıb.  Həyatının mənasını Vətəninə, xalqına təmənnasız  xidmətdə görüb. Birinci arzusu isə düşmən tapdağında olan Qarabağımız azad edib, sonra ali təhsil almaq olub. Odur ki, 2018-ci ildə məktəbi bitirib ordu sıralarına gedib. Davud hərbi xidmətini əsgər kimi Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə  başlayıb. İgidliyi, mərdliyi, dürüstlüyü onu tez də yoldaşların, komandirlərin sevimlisinə çevirib.  Xidmət zamanı Davud  düşmən təxribatının qarşısının alınmasında şücaət göstərərək, bir mülki vətəndaşımızın həyatını xilas edib.  Həmçinin oxuduğu  kursu müvəffəqiyyətlə bitirdikdən sonra gizir hərbi rütbəsi alıb.

Bir qayda olaraq  düşmən tərəfindən  əzəli yurd yerimiz Qarabağın  işğalına qarşı barışmaz mövqeyini ortaya qoyub, məqamında  məkrli düşmənə layiqli cavab verməkdən ötrü  öyrənməkdən qalmayıb. Dəfələrlə  xüsusi təyinatlı snayper kurslardan keçib. Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinə qəbul olunub, buranı  başa vurduqdan  sonra ÇHD giziri kimi Vətənin keşiyində durub. Vətənə, torpağa məhəbbəti sayəsində ağır sınaqlı təlimlərdə  uğur qazanıb. Xidmət etdiyi müddətdə bir dəfə olsun belə hər hansı nöqsana yol verməyib. Özündən yuxarı komandirlərin tapşırıqlarını vaxtında və yüksək  keyfiyyətlə yerinə yetirib. Bütün etdikləri yalnız düşmənin başını əzib,  işğalında qalan doğma torpaqları azad edib və qələbə ilə evə dönmək arzusundan irəli gəlib.

Sentyabrın 27-də başlayan Vətən müharibəsinə DSX ÇHD snayper gizir kimi  qatılıb. Zəngilan, Füzuli, Cəbrayıl rayonlarının  işğalından azad edilməsi əməliyyatlarında döyüş tapşırığını uğurla  həyata keçirtməklə,  dığalara  layiqli cavab verib.  Vətəni canından əziz tutan kiçik gizir Davud  Abbasov  16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə vəzifə borcunu yerinə yetirərkən şəhid olub.

Zəfər Orucoğlu,  
Azərbaycan Jurnalistlər Birliyinin üzvü