Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versələr də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır
Zorla müharibəyə cəlb edilən, torpaqları işğala, əhalisi soyqırıma məruz qalan ölkələrdə gühahsız insanların gömüldüyü toplu məzarlıqlar olub, bu gün də var. Böyük dövlətlərin və xaricdəki güc mərkəzlərinin dəstəyi ilə Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü nəticəsində həm torpaqlarımız işğal olundu, həm də o ərazilərdə yaşayan insanlar soyqırımına məruz qaldı, itkin düşdü, əsir və girov götürüldü. O da məlumdur ki, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın 4 minə yaxın vətəndaşı itkin düşüb və bu gün onların taleyi ilə bağlı Ermənistan hər hansı bir informasiya verməkdən yayınır. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan torpaqlarının böyük hissəsini işğalçı Ermənistanın tapdağından azad etdi və 2023-cü ilin sentyabr ayında baş verən lokal antiterror tədbirləri nəticəsində öz ərazilərində suverenliyini təmin etdi və ərazi bütövlüyünə tam nail oldu.
Müharibə nəticəsində azad olunan ərazilərimizdə böyük və dəhşətli mənzərələrlə qarşılaşdıq. Mətbuatda 2020-ci il dekabrın 1-nə olan məlumata əsasən, Birinci Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüü müəyyən edilmiş 872 nəfərin sonrakı taleyi məlum deyil.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının ehtimal edilən məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri hələ də davam etdirilir. O vaxt Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü. 2024-cü ilin əvvəllərində Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olundu. Baş Prokurorluğun keçirdiyi prosessual hərəkətlər nəticəsində daha 1 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da kütləvi məzarlıqdan tapılan qalıqlarının ən azı 14 nəfər insana məxsus olması, onların işgəncələrə məruz qalmaları, mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib. Əlbəttə, bu, birinci və sonuncu kütləvi məzarlıq deyil, neçə-neçə kütləvi məzarlıqlar başqa ərazilərdən aşkarlanıb.
Onu da qeyd edək ki, ötən illərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olması ehtimal edilirdi. Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı kəndlərində də kütləvi məzarlıq aşkar olunub. Aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb. Əvvəl də Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq tapılmışdı. Kəlbəcər şəhərində yenidənqurma və bərpa işləri ilə bağlı aparılan qazıntı zamanı daha bir kütləvi məzarlıq aşkarlanmışdı. Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcərdə bir çox qırğınlar törədilmişdi ki, onların ən dəhşətlisi Başlıbel kəndində olub. Başlıbelin işğalı zamanı erməni quldurları 27 nəfəri güllələmişdilər. Aşkarlanan insan qalıqlarının da o qırğınların qurbanlarına aid olduğu ehtimal edilirdi. 2022-ci ilin oktyabrında Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən qətlə yetirilən 12 azərbaycanlının dəfn olunduğu kütləvi məzarlıq barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yaymışdı.
Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versələr də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır. Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdilər. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir. Beləliklə, Ermənistan Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirir. Onu da qeyd edək ki, itkin düşmüş azərbaycanlıların Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə uyğun olaraq lazımi qaydada qeydə almamaqla və ya araşdırmamaqla, onlar haqqında məlumat verməməklə Ermənistan bu sənədin ən azı 4 maddəsini pozur. Bundan başqa, itkin düşmüş şəxslərin dəqiq siyahısı Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə Ermənistana təqdim edilib və mütəmadi olaraq yenilənir. İndilikdə Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı heç bir məlumat verməməsi həmin azərbaycanlıların Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququnun kobud şəkildə pozulduğu şəraitdə öldürülməsi ehtimalını doğurur. Həmçinin itkin düşmüş azərbaycanlıların yaxınlarına, qohumlarına onlar haqqında məlumat verməməklə Ermənistan bu insanlara mənəvi işgəncə verməkdə davam edir.
Sevinc Azadi, “İki sahil”