11 mart 2025 22:56
156

Dövlətçilik tariximiz daha dərindən öyrəniləcək

44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş 23 saatlıq uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Artıq Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə tətbiq olunur. Bütün bunlar  əldə edilən tarixi Zəfərin yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Bu baxımdan 2025-ci ilin Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi tamamilə məntiqidir.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın dövlətçilik tarixini daha dərindən araşdırmaq, milli hüququ dəyərlərimizi təbliğ etmək baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan dövlətçiliyi çoxəsrlik inkişaf yolu keçib. Sərəncamda da qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub”.

Açıqlamasını “Hər bir dövlətin mövcudluğu konstitusiya prinsiplərinin varlığı ilə şərtləndirilir” sözləri ilə davam etdirən həmsöhbətimiz, həmçinin vurğuladı ki, Azərbaycan suverenliyini qorumaq üçün həmişə ciddi sınaqlardan keçib: “1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz rəsmən müstəqil dövlət statusunu bərpa etsə də, müstəqilliyin ilk illərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda, təhdidlərin mövcud olması suverenliyin təmin edilməsini çətinləşdirdi. Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitlik bərpa olundu, dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Əsas müəllifi Ulu Öndər Heydər Əliyev olan və ümumxalq referendumu ilə 12 noyabr 1995-ci ildə  qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişafı  yolunu müəyyənləşdirərək hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu. Bununla da dövlətimizin hüquqi əsasları formalaşdırıldı, başqa sözlə desək, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsası qoyuldu. Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır: “Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir”.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri daha sonra vurğuladı ki, bu gün Azərbaycan tam müstqəqil və suveren bir dövlətdir: ”Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə, 2023-cü ildə Qarabağda suverenliyin tam bərpası dövlətçiliyimizin ən mühüm tarixi nailiyyətlərindəndir: “Prezidentin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, hər il 20 sentyabr tarixinin  ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi qərara alınıb. Növbədənkənar Prezident və parlament seçkiləri müstəqil tariximizdə ilk dəfə  ölkəmizin bütün ərazisində keçirilib. Şübhəsiz, “Konstitusiya və Suverenlik İli” bu tarixi mərhələlərin dərindən araşdırılması, yeni hüquqi reallıqlara uyğun təhlil üçün unikal imkanlar yaradır”.

Həmsöhbətimizin fikrincə, sözügedən Sərəncam həm də gələcək islahatların əsaslarını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu mənada sözügedən Sərəncam təkcə keçmişə nəzər salmaq deyil, həm də müasir çağırışlara cavab verən yeni hüquqi siyasi yanaşmaların formalaşması üçün bir fürsətdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”