12 mart 2025 08:50
101

BMT-nin baş katibi: Suriyadakı hadisələrin səbəbkarları cavab verməlidirlər

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş “X” hesabında Suriyada baş verən son hadisələrlə bağlı açıqlama yayıb.

İki sahil” xəbər verir ki, Suriyanın sahilyanı Tartus, Latakiya və Homs şəhərlərində baş verən zorakılıqları pisləyən Quterreş deyib: "Axan qan dərhal dayandırılmalıdır. Mülki əhali qorunmalıdır. Qanun pozuntusunun səbəbkarları cavab verməlidir".

Xaatırladaq ki, martın 6-da Lazkiyənin Ceble rayonunda devrilmiş rejim ünsürlərinin həyata keçirdikləri hücumda azı 11 təhlükəsizlik əməkdaşı həlak olub.

Hücumdan sonra Suriya təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

Şiddətli toqquşmalarda hər tərəfdən yüzlərlə insan həlak olub, çoxlu sayda dinc sakin ölüb.

Suriya prezidenti Əhməd Şara ölkənin birliyini və həmrəyliyini qorumağa çağırıb və təhlükəsizlik qüvvələrinə mülki şəxslərin təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Suriya hökuməti təhlükəsizlik qüvvələrinin mümkün pozuntularını müəyyən etmək və günahkarları tutmaq üçün istintaq komitəsi yaradıb.

Rəsmilər, təhlükəsizlik qüvvələrinin sahil bölgəsindəki əməliyyatlarının martın 10-da başa çatdığını açıqlamışdı.

Məhərrəm Ağalaroğlu, “İki sahil”