14 mart 2025 23:26
111

Lerikin dağ kəndlərində süfrələrin bəzəyi

İndi Lerikin dağ kəndlərində ev olmaz ki, orada həftədə iki dəfə “Zeyrən” (Nozık) çörəyi bişirilməsin. Azərbaycan mətbəxinin ən qədim şirniyyat növü sayılan bu çörək qədim dövrdən nənələrdən yadigar qalıb. Hazırda da süfrələrin bəzəyidir. Ləzzətlə yeyilir, uzun müddət dadı damaqdan getmir.

Bunlar öz yerində. Lerikin dağ kəndlərində “Zeyrən” çörəyi ilə bağlı qədimdən qalma bir sıra adətlər indinin özündə də yaşayır. Belə ki, çörəyi qırmızı lent əvəzinə şal vasitəsilə gəlin köçən qızların belinə bağlayırlar. Ata evindən ər evinə gələnədək çörək gəlinin belində qalır. Adətə görə bununla gəlin getdiyi evə bolluq və bərəkət aparır. Həmçinin bayram günlərində nişanlı qızlar, təzə gəlinlər üçün “Zeyrən”dən pay ayrılır. Qoy yaşanan həyat şirin olsun. Digər adətə görə bayram günlərində yaxınların məzarı üstünə bu çörəkdən aparılır.

Ən çox əməl edilən adətlərdən biri də təzə evi tikib baş çatdırandan sonra bərəkət rəmzi olaraq ilk açılan süfrəyə “Zeyrən” çörəyi qoyulur. Şirniyyat və çərəzlərlə dolu xonçanı mütləq ev sahibinin anası, anası sağ deyilsə, öz həyat yoldaşı açır. Eləcə evə gələn qonağın qabağına əsasən “Zeyrən” qoyulur, elə onu bu çörəklə yola salırlar.

“Zeyrən” çörəyinin bişirilmə qaydasına gəldikdə isə unun üzərinə ilıq süd, yumurta, yumşaldılmış kərə yağı, duz və maya qatılıb xəmir yoğurulur. Xəmir isti yerdə 1 saat saxlanıb kündələrə bölünür. Kündələrin üzərinə su çilənib 25-30 santimetr həcmində əl ilə açılır. Açılmış xəmirin üzərinə içlik yayılıb kənarları badambura formasında bükülür. Üzərinə mətbəx qayçısı ilə naxışlar vurulur. Şirin xəmirin alt hissəsində xırda dəliklər açılır. Yumurta sarısı, bitki yağı, sarıkök qarışdırılıb xəmirin üstünə çəkilir. Təndirdə 10 dəqiqəyə bişirilən bu çörək, əsasən, soyuduqdan sonra yeyilir. 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü