22 mart 2025 08:40
282

Koreya, Yaponiya və Çin Koreya yarımadasında sülhün ortaq maraq və məsuliyyəti təsdiqlədi

Cənubi Koreya, Yaponiya və Çin şənbə günü Koreya yarımadasında sülhün təmin edilməsinin üç ölkənin ümumi maraqlarına və onların birgə məsuliyyətinə uyğun olduğunu bir daha təsdiqləyib.

İki sahil”in “Yonhap”a istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul Tokioda Çinin xarici işlər naziri Vanq Yi və Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə apardığı üçtərəfli danışıqların yekunlarına dair açıqlamasında deyib.

"Mən danışıqlarımız zamanı vurğuladım ki, Şimali Koreya Ukraynada müharibənin sona çatdırılması prosesində göstərdiyi yanlış davranışa görə mükafatlandırılmamalıdır", - deyən XİN başçısı əlavə edib: "Cənubi Koreya, Yaponiya və Çin üçün BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Şimali Koreyaya qarşı sanksiyalarını sədaqətlə yerinə yetirməsi və KXDR-nin təxribatlarını dayandırmaq və onun tam nüvəsizləşdirilməsinə nail olmaq üçün səylər göstərməsi vacibdir".

Vanq üç ölkənin gücləndirilmiş kommunikasiya, etimad və əməkdaşlıq vasitəsilə regional sabitliyin təmin edilməsində rol oynamasına çağırıb: "Biz azad ticarət sazişi üzrə danışıqların bərpası da daxil olmaqla, regional iqtisadi inteqrasiya ilə bağlı irəliləyişə nail olmaq barədə razılığa gəldik".

İvaya bildirib ki, o və həmkarları üçtərəfli liderlər sammitinin mümkün olan ən qısa zamanda və uyğun vaxtda keçirilməsi prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Şimali Koreya məsələsində İvaya deyib ki, o, KXDR-nin nüvə və raket fəaliyyətləri və Moskva ilə hərbi əlaqələriylə bağlı narahatlığını ifadə edib: "Şimali Koreyanın nüvəsizləşdirilməsi bizim ortaq məqsədimizdir və mən (digər nazirlərə) Yaponiyanın BMT Təhlükəsizlik Şurasının sanksiya qətnamələrini tam şəkildə yerinə yetirmək üçün yaxından əlaqə saxlamağa hazır olduğunu söylədim".

Məhərrəm Ağalaroğlu, “İki sahil”