22 mart 2025 14:14
129

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”da terror aktını dost olmayan dövlətin xüsusi xidmət orqanları təşkil edib

Bir il əvvəl Rusiya paytaxtı Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktı Rusiyadakı sabitliyi pozmaq məqsədi ilə dost olmayan dövlətin xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb.

“İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

“Toplanmış sübutlar əsasında istintaq belə nəticəyə gəlib ki, terror aktı Rusiyada sabitliyi pozmaq üçün dost olmayan dövlətin xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb və təşkil edilib. Bunu törətmək üçün beynəlxalq terror təşkilatının üzvləri cəlb edilib”, - o deyib.

S.Petrenkonun sözlərinə görə, terror aktını Mərkəzi Asiyadan olan, bəzilərinin təxəllüsdən istifadə etdiyi altı vətəndaş təşkil edib.

“Onlar xaricdədirlər və buna görə də qiyabi həbs olunublar və axtarışa veriliblər”, - o əlavə edib.

Terror xarakterli cinayətlərdə təqsirləndirilən 19 nəfər barəsində istintaq fəaliyyəti başa çatıb, onlar həbsdədir və iş materialları ilə tanışlıq davam etdirilir.

Xatırladaq ki, terror aktı ötən il martın 22-də törədilib. Dörd silahlı terrorçu “Piknik” qrupunun konsertinə gələnləri öldürmək üçün atəş açıb, daha sonra zalı yandırıb. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıb.

“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib ki, terror aktı nəticəsində şirkətə dəymiş təxmini ziyan 150-200 milyon ABŞ dolları təşkil edir.