ABŞ hökuməti cəmi bir neçə ay ərzində qeyri-qanuni miqrasiya və narkotik ticarəti ilə mübarizə çərçivəsində 300 milyon dollardan çox vəsait sərf edib.
“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Pentaqon bu məqsədlə ilk ayda təxminən 250 milyon dollar, mart ayının ortalarına qədər isə 328 milyon dollar xərcləyib. Qeyd edilən məbləğə Daxili Təhlükəsizlik Departamenti və digər agentliklərin xərcləri daxil deyil.
CNN bildirir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının cənub sərhədində qeyri-qanuni miqrasiyanın və narkotik axınının qarşısını almaq üçün həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyat artıq vergi ödəyicilərinə 300 milyon dollardan çox vəsaitə başa gəlib.
Mənbələr vurğulayırlar ki, əgər bu tendensiya davam edərsə, qeyri-qanuni immiqrasiya və narkotik ticarəti ilə mübarizə proqramının birinci ilinin xərcləri iki milyard dolları keçə bilər.