Hazırda ölkəmiz regionda nəhəng enerji layihələrinin müəllifi və fəal iştirakçısıdır. Respublikamızın təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Aprelin 4-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək geniş çıxış edib. Xatırladaq ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.
Sözügedən layihə Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biri hesab olunur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində reallaşdırılan bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi möhkəmlənməsinə şərait yaradıb. Bununla yanaşı, Azərbaycan "yaşıl enerji" sektorunda da iddialı hədəflər müəyyən edərək bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər həyata keçirir. "Yaşıl enerji" mənbələrindən əldə edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi Prezident İlham Əliyevin əsas prioritetlərindən biri kimi müəyyən edilib və 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bu mənbələrin payının 30 faizə çatdırılması əsas hədəf kimi qəbul edilib.
Bir sözlə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərdən aydın olur ki, Azərbaycanın "Yaşıl enerji" potensialı gündəlikdə duran əsas məsələdir. Prezident İlham Əliyevin dünən "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları zamanı çıxışında dediyi kimi, bu gün artıq investorlarımızla imzalanmış müqavilələr var. Bu, Günəş və Külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi istehsal ediləcək. Məlumdur ki, qarşıdakı illərdə ölkəmiz günəş və külək enerjisinin hasilatında əsl sıçrayış edəcək. Bu böyük layihələrə sərmayə yatıran həm xarici investorlar, həm də yerli şirkətlər müxtəlif texnologiyalara üstünlük verirlər. Hazırda Azərbaycan mütəxəssisləri enerjinin tədarükü və saxlanması sahəsində ən optimal variantlar üzərində işləyirlər. Məhz ölkə başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, bizim təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır.
Prezident İlham Əliyev tədbirdəki çıxışında bildirib ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Dövlətimizin başçısı qeyd edib: “Çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”.
Azərbaycanın dövlət başçısı bildirib ki, ölkənin qaz təchizatının Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcəkdir. Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvləridir. Gələcəkdə Azərbaycan Cənub Qafqaz Boru Kəmərini, TANAP-ı və TAP-ı genişləndirməyi planlaşdırıb. Bu gün Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir.
Beynəlxalq tədbirdə Prezident İlham Əliyev deyib: “Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”.
İndi “Azəri-Çıraq-Günəşli” və “Abşeron”, “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Ölkə başçısı deyib ki: “Bir neçə ildən sonra həmin sahələr işləniləcək ki, bununla bağlı müqavilələr imzalanıb, proqramlar həyata keçirilir. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəməri və həmçinin qaz boru kəmərləri hamısı bir yerdədir. Biz bunu bütün iştirakçılarla etdik”.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri