07 aprel 2025 12:49
198

Xüsusi əhəmiyyət kəsb edən ilk rəsmi səfər

Aprel ayının 2-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri baş tutdu. Almaniya Prezidentinin Azərbaycana ilk dəfə səfər etməsi xüsusi əhəmiyyət daşıyırdı.

Almaniya və Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında inkişaf edir. Son illərdə müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi Azərbaycanla Almaniya arasında tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin 30 mart – 2 aprel tarixlərində Ermənistana və Azərbaycana səfəri Berlinin Cənubi Qafqaz siyasətinə marağının artdığını göstərir. Bu, Almaniya Federal Prezidentinin hər iki ölkəyə ilk səfəri olduğu üçün xüsusi əhəmiyyət daşıyır. Səfər Almaniya-Azərbaycan və Almaniya-Ermənistan münasibətləri ilə yanaşı, həm də regionda geosiyasi dinamikaların müzakirəsi baxımından önəmlidir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün mühüm addımlardan biri oldu. Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi “bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək” sözləri bu münasibətlərin perspektivlərinə işarə edir. Xüsusilə iki ölkə arasındakı ticarət dövriyyəsinin ilin ilk iki ayında üç dəfə artması Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin sürətlə gücləndiyini göstərir. İki ölkənin ticarət dövriyyəsindəki bu artım əsasən enerji sektorundakı əməkdaşlıqdan qaynaqlanır. Avropa İttifaqının enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycana artan marağı Berlinin də rəsmi Bakı ilə əlaqələrini dərinləşdirməsinə səbəb olub. Azərbaycan Avropaya “yaşıl enerji” ixrac etməyi hədəflədiyindən Almaniya bu prosesdə əsas tərəfdaşlardan biri ola bilər. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji istehsal gücünü 6 giqavata çatdırmaq və bunun bir hissəsini Avropaya ixrac etmək niyyətindədir. Bu kontekstdə Almaniya şirkətlərinin Azərbaycan bazarına marağı artmaqda davam edir.

Bundan başqa, Almaniya şirkətləri Azərbaycanın bərpaolunan enerji, nəqliyyat və texnologiya sektorlarına maraq göstərirlər. Xüsusilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti çərçivəsində Almaniya investorlarının ölkədəki layihələrə cəlb edilməsi perspektivi aydın görünür. Prezident İlham Əliyevin səfəri müsbət dəyərləndirməsi göstərir ki, Bakı-Berlin münasibətləri sadəcə iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də siyasi və diplomatik sahədə yeni imkanlar açır. Bakı -Berlin xəttində qurulan müsbət dialoq, eyni zamanda Azərbaycanın Avropanın digər güclü dövlətləri ilə əlaqələrinin güclənməsinə də təkan verə bilər. Prezident İlham Əliyevin bəyanatı onu göstərir ki, Almaniya Prezidentinin səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına ciddi töhfə verəcək. İqtisafi sahədə əldə edilən uğurlar və ticarət dövriyyəsindəki sürətli artım bu əlaqələrin strateji əhəmiyyətini artırır. Bundan əlavə, Azərbaycan və Almaniya arasında enerji, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın genişlənməsi ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər Bakı və Berlin arasında həm iqtisadi, həm də siyasi münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə işarə edir.

Prezident İlham Əliyevin bəyanatında mühüm məqamlardan biri də Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına dair müsbət dinamikanın qeyd edilməsi oldu. Dövlət başçısı vurğuladı ki, tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır və hazırda iki ölkənin mövqeləri kifayət qədər yaxınlaşıb. Azərbaycanın sülh prosesi ilə bağlı irəli sürdüyü təkliflər və Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması kimi məsələlərdə atdığı addımlar rəsmi Berlinin dəstəkləyə biləcəyi konstruktiv yanaşmadır. Almaniyanın bu prosesdə neytral mövqedə yer alması Qərb daxilində Fransa kimi birtərəfli yanaşmalardan fərqli olaraq balanslı mövqe tutması Bakının diplomatik qələbələrindən biri sayıla bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi və səfərin nəticələri iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Bu səfər enerji, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açmaqla yanaşı, Azərbaycanın Avropa ilə inteqrasiyasına da töhfə verəcək. Azərbaycan və Almaniya arasında genişlənən əməkdaşlıq təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də Azərbaycanın Qərblə münasibətlərində balanslı siyasətini gücləndirən amillərdən biri kimi çıxış edir. Bu səfər Almaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycanın önəmini bir daha təsdiqləyir və gələcəkdə daha genişmiqyaslı əməkdaşlığın əsasını qoyur. Azərbaycan və Almaniya arasında münasibətlər son illərdə sürətlə inkişaf edir.

Prezident İlham Əliyevin Almaniyaya etdiyi səfərlər və yüksək səviyyəli görüşlər bu əlaqələrin mühüm sütunlarından biridir. Xüsusilə 2023-cü ildə Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Almaniya rəsmiləri və biznes dairələri ilə görüşlər, eləcə də 2024-cü ildə Frank-Valter Ştaynmayer ilə keçirilən geniş tərkibdə müzakirələr iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərini müəyyənləşdirib. Azərbaycanın alman şirkətləri üçün əlverişli investisiya mühiti yaratması, sənaye, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı Almaniya biznes dairələrinin ölkəmizə olan marağını artırır. Xüsusilə Almaniyanın yüksək texnologiyalı sənaye sektoru və Azərbaycanın inkişaf edən iqtisadiyyatı bir-birini tamamlayır və gələcəkdə daha geniş layihələrin həyata keçirilməsinə imkan yaradır. Azərbaycan və Almaniya arasında münasibətlər təkcə iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də siyasi dialoqun intensivləşməsi müşahidə edilir. Azərbaycan və Almaniya arasındakı münasibətlər sabit şəkildə inkişaf edir və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradır. İqtisadi, siyasi və enerji sahələrində davam edən əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığa doğru irəlilədiyini göstərir. Gələcək illərdə bu əlaqələrin daha da genişlənəcəyi və Azərbaycanın Almaniya ilə əməkdaşlığının daha da dərinləşəcəyi gözlənilir.

Bu səfər, xüsusilə də onun Ermənistandan sonra gerçəkləşməsi, Azərbaycan-Almaniya münasibətləri fonunda mühüm siyasi əhəmiyyət daşıyır. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer arasında aparılan danışıqlarda bir sıra mühüm məsələlər müzakirə edildi. Görüşdə COP29 kimi beynəlxalq əhəmiyyətə malik iqlim konfransının Azərbaycanda keçirilməsi, iki ölkə arasındakı strateji münasibətlər və regiondakı geosiyasi reallıqlar əsas müzakirə mövzularından biri oldu.

Səfər çərçivəsində əsas diqqətçəkən məqamlardan biri də Azərbaycan-Ermənistan münaqişəsi və onun nəticələrinin müzakirə edilməsi idi. Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuda açıq və qətiyyətli mövqe sərgilədi. O, Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini, bir milyon azərbaycanlının etnik təmizləməyə məruz qaldığını vurğuladı. Prezident Əliyev beynəlxalq təşkilatların vaxtilə Qarabağın işğalına qarşı təsirli tədbirlər görmədiyini qeyd edərək Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə öz haqqını bərpa etdiyini bildirdi. Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi qələbənin sülh prosesinə yol açdığını vurğulayan Prezident Əliyev hazırda Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımların atıldığını və tərəflərin mövqelərinin bir-birinə kifayət qədər yaxınlaşdığını bəyan etdi.

Azərbaycan və Almaniya prezidentlərinin görüşü təkcə regional deyil, qlobal siyasi kontekstdə də önəmli idi. Görüş zamanı Prezident İlham Əliyev beynəlxalq arenada baş verən mühüm hadisələrə də toxundu. Xüsusilə ABŞ-Avropa İttifaqı münasibətləri, Rusiya-Qərb gərginliyi kimi aktual məsələlər müzakirə olundu. Prezident Əliyev bu məsələlərin bütün dünyaya təsir etdiyini vurğuladı və səmimi fikir mübadiləsinin əhəmiyyətini qeyd etdi.

Almaniya, Avropa İttifaqının aparıcı dövlətlərindən biri olaraq Cənubi Qafqaz regionuna xüsusi maraq göstərir. Bu kontekstdə Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir. Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, enerji və infrastruktur layihələrində də mühüm rol oynayır. Xüsusilə, Azərbaycanın Avropaya enerji təchizatında mühüm aktor kimi çıxış etməsi Almaniyanın bu regiona marağını artırır.

Almaniya Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bu görüş təkcə ikitərəfli əlaqələr baxımından deyil, həm də Cənubi Qafqaz regionunun gələcəyi və beynəlxalq münasibətlər kontekstində mühüm əhəmiyyət daşıyır. COP29 konfransının Bakıda keçirilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və qlobal geosiyasi məsələlərin müzakirəsi bu səfərin önəmli nəticələri sırasındadır. Əminliklə demək olar ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərini daha da gücləndirəcək və Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirəcək

Ruhiyyə Orucova,
269 saylı tam orta məktəbim Tarix müəllimi