07 aprel 2025 11:52
156

Azərbaycan və Almaniya arasında yüksək səviyyəli siyasi dialoq

2025-ci ilin 2 aprel tarixində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri baş tutdu. Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən yüksək səviyyəli görüş, iki ölkə arasında diplomatik münasibətlərin yeni mərhələyə keçdiyini bir daha təsdiqlədi. Görüş zamanı ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı əhəmiyyətli mövzular müzakirə olundu və mətbuata verilən birgə bəyanatla bu istiqamətdə konkret mesajlar verildi.

Bəyanatda xüsusi olaraq vurğulandı ki, Azərbaycan və Almaniya arasında siyasi dialoq və əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edir. Tərəflər bu səfəri strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm fürsət kimi qiymətləndirdilər. Prezidentlərin mətbuata verdiyi bəyanatda qeyd olundu ki, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri, siyasi məsləhətləşmələrin intensivləşdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daha da genişləndiriləcək. Bəyanatda parlamentlərarası əlaqələrin də xüsusi əhəmiyyət daşıdığı vurğulandı. Bu münasibətlərin inkişafı demokratik institutların gücləndirilməsi və qanunvericilik sahəsində təcrübə mübadiləsi üçün böyük imkanlar yaradır. Almaniya parlamenti ilə Azərbaycan Milli Məclisi arasında daha sıx təmasların qurulması, iki ölkə arasında insan hüquqları, iqtisadi inkişaf və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinə təkan verəcək. Sənəddə Azərbaycanın iqtisadi rayonları üzrə bölgələr də ayrıca qeyd olunmuşdur.

Qazax–Tovuz, Gəncə–Daşkəsən, Lənkəran–Astara və Şirvan–Salyan iqtisadi rayonları Almaniya ilə potensial əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu bölgələrdə alman texnologiyalarının tətbiqi, kənd təsərrüfatı, infrastruktur və yaşıl enerji sahələrində ortaq layihələrin icrası üçün perspektivlər müzakirə olunub. Xüsusilə, Almaniyanın "yaşıl transformasiya" sahəsindəki təcrübəsi Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə töhfə verə bilər. Eyni zamanda, mədəniyyət və təhsil sahələrində də əməkdaşlığın inkişaf etdirilməsi gündəmdədir. Alman dili tədrisinin genişləndirilməsi, tələbə mübadilə proqramlarının artırılması və birgə akademik layihələrin həyata keçirilməsi gələcək nəsillər arasında daha sıx bağların qurulmasına xidmət edəcəkdir. Azərbaycan və Almaniya arasında formalaşan bu strateji əməkdaşlıq modeli regional sabitliyə və beynəlxalq təhlükəsizliyə də töhfə vermək gücündədir. Hər iki prezidentin qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda səsləndirdiyi fikirlər, iki ölkə arasında münasibətlərin təkcə siyasi və iqtisadi deyil, həm də mədəni və humanitar sahələrdə də davamlı inkişaf edəcəyini göstərir. Bu səfər və verilən bəyanat, Azərbaycan ilə Almaniya arasında etibarlı tərəfdaşlığın yeni bir səhifəsinin açıldığını nümayiş etdirdi.

R.Orucova,
269 saylı tam orta məktəbim Tarix müəllimi