Aprelin 17-də mədəniyyət beşiyimiz olan Şuşa şəhərində “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə rəsmi şəxslər, beynəlxalq ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik videomüraicətlə çıxış edib. O bildirib ki, bu bir il ərzində Azərbaycan və ICESCO arasında əməkdaşlıq İslam dünyası üçün mükəmməllik nümunəsinə çevrilib.
"Biz, həmçinin ortaq tariximizin xəzinələrini qoruyan İslam Dünyası İrs Komitəsinin toplantılarını gördük. Biz ruhu coşduran incəsənət festivalları, müqəddəs musiqi, elmi dialoqlar və mənəvi tədbirlər yaşadıq. Məscidlərdən muzeylərə, sinif otaqlarından konsert salonlarına qədər - Şuşa canlı idi. Bu, uzaqgörən rəhbərliyin gördüyü işin nəticəsi idi və burada biz milli kimliyə, mədəni ləyaqətə və tarixi ədalətə misilsiz sədaqəti olan Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk", - deyə o vurğulayıb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında Şuşada aparılan yenidənqurma və bərpa işlərindən bəhs edib. O bildirib ki, Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşayır.
A.Kərimov, həmçinin bildirib ki, Aşağı Gövhər ağa məscidi və Çöl Qala məscidi qısa müddət ərzində bərpa olunub. Dahi Üzeyir Hacıbəylinin ev-muzeyi də bərpa prosesindən sonra açılıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanın ICESCO-nun postmünaqişə dövründə bərpa sahəsindəki təcrübəsini yüksək qiymətləndirdiyini deyib. O, qeyd edib ki, ICESCO ilə tərəfdaşlıq Azərbaycana mədəni irsini gələcək nəsillər üçün effektiv şəkildə qorumaq və dirçəltmək üçün güvən və resurslar verir.
"Əməkdaşlığımız ICESCO ilə fərdi tədbirlərdən daha çox davamlı, uzunmüddətli təşəbbüsləri əhatə edir. ICESCO-nun Bakıda regional ofisinin yaradılması regionumuzda təşkilatın məqsədlərinin irəliləyişi üçün mühüm addımdır", - deyə nazir müavini diqqətə çatdırıb.
Fərid Cəfərov vurğulayıb ki, “Şuşa 2024"ün uğurlu yekunlaşması dostluq və mədəni mübadilə əlaqələrimizi daha da gücləndirmək əzmimizi bir daha təsdiqləyir.
Bağlanış mərasimi rəngarəng konsert proqramı ilə yekunlaşıb. Tədbirdə milli rəqslər, muğam ifaları və zəngin musiqi nömrələri təqdim olunub.
Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.