22 aprel 2025 12:57
158

Nəticəyönümlü büdcə və yaşıl büdcə yanaşmalarının Hesablama Palatanın audit fəaliyyətində mərkəzi yer tutması məqsədəuyğun olardı - Sadiq Qurbanov

Bu gün müzakirəyə çıxarılan Hesablama Palatasının 2024-cü il üzrə fəaliyyəti ilə bağlı illik hesabatı yalnız maliyyə rəqəmlərinin toplusu kimi deyil, ölkəmizin davamlı inkişaf trayektoriyasını əks etdirən strateji sənəd kimi qiymətləndirməliyik. Xüsusilə qeyd etməliyik ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 kimi qlobal əhəmiyyətli tədbirdən sonra həm milli, həm də beynəlxalq öhdəliklərimizə daha ciddi və məqsədyönlü yanaşma tələb olunur. İlk olaraq qeyd etmək istərdim ki, Hesablama Palatası 2024-cü ildə fəaliyyətini daha çoxşaxəli və sistemli şəkildə həyata keçirmiş, maliyyə nəzarəti və audit prosedurlarında həm keyfiyyət, həm də əhatə dairəsi baxımından nəzərəçarpacaq təkmilləşmələrə nail olmuşdur. Müsbət cəhətlərdən biri də budur ki, Palata hesabatlılığın artırılması, səmərəliliyin qiymətləndirilməsi və nəticəyönümlü yanaşmanın tətbiqi istiqamətində ciddi irəliləyişlər əldə etmişdir. Hesabatdan məlum olur ki, fəaliyyət zamanı 98 nəticə əsaslı göstəricidən istifadə olunmuş, 37 risk üzrə cavab tədbirləri hazırlanmışdır. Bu isə maliyyə intizamının təmin olunması ilə yanaşı, fəaliyyətin effektivliyinin qiymətləndirilməsi baxımından da mühüm addımdır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

Sadiq Qurbanov qeyd edib ki, Hesablama Palatasının funksiyası yalnız qanun pozuntularını üzə çıxarmaqla məhdudlaşmır. O, həm də dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və strateji planlaşdırmanın əsas tənzimləyici institutlarından biridir. Bu baxımdan Palatanın təqdim etdiyi hesabatı sadəcə nəzarət sənədi kimi deyil, həm də dövlət siyasətinin strateji istiqamətlərinə uyğunluğunu qiymətləndirən mühüm alət kimi təhlil etməliyik. Xüsusilə də yaşıl iqtisadiyyat və ekoloji siyasət kontekstində. 2024-cü ildə ilk dəfə olaraq Palatanın apardığı bəzi auditlərdə “yaşıl büdcə” yanaşmasına uyğun göstəricilərə istinad edilməsi azda olsa  qeyd olunmuşdur. Bu, Azərbaycanın ekoloji maliyyələşdirmə prinsiplərinə keçidinə dair müsbət siqnaldır. Lakin təəssüf ki, bərpa olunan enerji layihələrinə yönəlmiş dövlət xərclərinin səmərəliliyinə dair aparılan təhlillər və pre-audit nəticələri Hesabatda ayrıca və yetərli şəkildə təqdim olunmamışdır. Belə bir bölmənin əlavə olunması həm ictimai, həm də parlament nəzarəti baxımından vacibdir.

Komitə sədri vurğulayıb ki, Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi etməklə, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat sahəsində qlobal öhdəliklərini bir daha təsdiqlədi. Lakin qeyd etməyi vacib hesab etdiyim məqam ondan ibarətdir ki, bu öhdəliklərin yerinə yetirilməsi birbaşa dövlət büdcəsinin planlaşdırılması və icrasının nəzarəti ilə əlaqəlidir. Bu baxımdan Hesablama Palatasının qarşısında yeni dövrün çağırışları dayanır. Artıq Palata yalnız xərclərin qanunvericiliyə uyğunluğunu deyil, bu xərclərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə 7-ci (bərpa olunan enerji), 12-ci (məsuliyyətli istehlak və istehsal) və 13-cü (iqlim dəyişikliyi ilə mübarizə) məqsədlərlə uyğunluğunu da qiymətləndirməlidir.
2023-cü illə müqayisədə, yaşıl enerji sahəsində dövlət xərcləri 21% artmış və əsasən Xızı, Qobustan və Cəbrayıl rayonlarında həyata keçirilən günəş və külək enerjisi layihələrinə yönəldilmişdir. Hesabatda bu vəsaitlərin istifadəsi ilə bağlı ümumi məlumatlara rast gəlinsə də, onların nəticələri və təsirləri ilə bağlı dərin təhlillər yer almamışdır. Gələcəkdə bu sahədə audit yoxlamalarının aparılmasına və əsaslı təhlillər edilməsinə zərurət var. Bu baxımdan nəticəyönümlü büdcə və yaşıl büdcə yanaşmalarının Palatanın audit fəaliyyətində mərkəzi yer tutması məqsədəuyğun olardı: "Qeyd etmək istərdim ki, 2024-cü il üzrə təqdim olunmuş hesabat həm struktur baxımından, həm də təqdimat üslubu baxımından əvvəlki illərlə müqayisədə daha sistemli hazırlanmışdır. Lakin bu sənəd bir başlanğıcdır. Gələcəkdə Palatanın fəaliyyətinə daha geniş strateji baxış tələb olunacaq, bunun üçün də qanunvericilik bazasının möhkəmləndirilməsi yeni imkanlar yarada bilər. Hesabatlarda yaşıl keçid, rəqəmsal transformasiya və iqlim risklərinin iqtisadiyyata təsiri kimi mövzuların daimi şəkildə yer alması mütləqdir. Bununla yanaşı, nəticəyönümlü, strateji və yaşıl iqtisadiyyata uyğun audit metodologiyasının tətbiqini də vacib hesab edirik. Bu baxımdan biz Hesablama Palatasının fəaliyyətinin təkcə nəzarət yox, həm də inkişafedici və istiqamətverici funksiyalarla zənginləşməsini arzu edirik. Sonda xüsusi olaraq vurğulamaq istərdim ki, Hesablama Palatası ilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi arasında əlaqələr qarşılıqlı təhlil və fikir mübadiləsi əsasında davamlı inkişaf edir. Ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə də səmərəli şəkildə davam edəcək və audit nəticələrinin parlament müzakirələri ilə sinxronlaşdırılması ölkəmizin yeni inkişaf mərhələsinə keçidinə öz mühüm töhfəsini verəcəkdir. Bu kontekstdə mən Hesablama Palatasının 2024-cü il üzrə fəaliyyətini qənaətbəxş hesab edir, hörmətli Vüqar Gülməmmədov başda olmaqla, zəhmətkeş kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıram".