Azərbaycan-Çin münasibətlərində yeni səhifə açılır
Dövlət başçısı İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsi, eyni zamanda, Çin Xalq Respublikasına dövlət səfəri qədim tarixə əsaslanan əlaqələrimizin gələcək inkişafının aydın mənzərəsini təqdim edir
Dövlət başçısı İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsində səsləndirdiyi çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Bir məqamı xüsusi olaraq qeyd edək ki, mövcud geosiyasi şərait Azərbaycanın xarici siyasətində yeni tərəfdaşlıqlar qurması üçün əsaslı zəmin formalaşdırıb. Azərbaycan Şərqə və Asiyaya doğru xarici siyasət kursu diqqət çəkir. Bu siyasət təkcə iqtisadi maraqlarla məhdudlaşmır, həm də siyasi təhlükəsizlik, beynəlxalq nüfuz və diplomatik balansın qorunması baxımından dərin məna daşıyır.
Müsahibəsində diqqəti 2024-cü il iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü çərçivəsində qəbul olunan «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə»yə yönəldən cənab İlham Əliyev bildirdi ki, sənədin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Bəyannamə Çin Xalq Respublikası ilə Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir.
Qeyd edək ki, Azərbaycan iki dəfə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət olunub. Ötən il Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşündəki çıxışında diqqəti Azərbaycanın tranzit imkanlarına yönəldən cənab İlham Əliyev bildirdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyev ötən ilin mühüm qürurverici hadisəsi olan COP29 iqlim konfransının təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycanda keçiriləcəyinə yönəldərək bu əminliyi ifadə etmişdi ki, tədbir çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Prezident İlham Əliyev sözügedən müsahibəsində artıq ötən il səsləndirilən hədəflərin reallığa çevrilməsindən məmnunluq hissi ilə danışdı. Bildirdi ki, tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin təxminən 2 min QHT-nin nümayəndələri iştirak etdilər. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılması COP29 çərçivəsində qəbul edilən mühüm qərarlardır. Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış etdi və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.
Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, bir daha güclü siyasi iradə və peşəkarlıq konfransı yüksək səviyyədə keçirməyə, tarixi nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda əsl sıçrayışa imkan verdi. Dövlət başçısı İlham Əliyev fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə qiymətli töhfəsinə görə Çinin nümayəndə heyətinə minnətdarlığını ifadə etdi.
Müsahibədə diqqət göstərilən məsələlərdən biri iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq oldu. Cənab İlham Əliyev bildirdi ki, getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının əsası olacaq.
Azərbaycan ticarət və şərab evləri artıq Çin Xalq Respublikasının Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq «JD» onlayn ticarət platformasında yaradılıb. Onu da qeyd edək ki, Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.
Azərbaycanın nəqliyyat imkanları əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır. Ölkəmizin nəqliyyat sektorunun inkişafı ilə bağlı atdığı addımlar davamlılığı ilə diqqətdədir. Dövrün tələblərinə uyğun olaraq bu sahədə yeniləşmə, təkmilləşmə belə bir reallıqda öz əksini tapır ki, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bu ilin yanvarında keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar həcmində sərmayələr artıq qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı əsas hədəflər sırasındadır. Bu isə öz növbəsində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsini, təkmilləşdirilməsini şərtləndirir.
Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü roluna əsas verir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri bu rolunu daha da möhkəmləndirir. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyev sözügedən müşavirədə belə bir reallığı diqqətə çatdırdı ki, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Azərbaycan coğrafi vəziyyətindən səmərəli istifadə edib. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərir və praktiki işlər görür. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün mühüm addımlar atılır. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılır, müştərək müəssisələr qurulur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Ölkəmizin nəqliyyat imkanları beynəlxalq səviyyədə də təqdir edilir. Onu da qeyd edək ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş «Kəmər və yol» təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Dövlət başçısı İlham Əliyev müsahibəsində diqqəti bu layihəyə yönəldərək vurğuladı ki, «Kəmər və yol» təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənu Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.
Azərbaycanla Çin bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişafına səy göstərir. Son illərdə ikitərəfli əməkdaşlıqda diqqət göstərilən əsas sahələrdən biri təbii ki, təhsildir. Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə Azərbaycanla Çinin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafı bəyan edilib. Bununla yanaşı, dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilir. Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb. İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır. Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislər hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaq, iki xalqın yaxınlaşmasına və qarşılıqlı mədəni zənginləşməsinə xidmət edəcək.
Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin yüksələn xətlə inkişafı da diqqətdən kənarda qalmır. Azərbaycanın qurumun son iki Zirvə görüşünə dəvət olunması özündə bütün məqamları ehtiva edir. Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən Memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Bu mötəbər təşkilatla əməkdaşlığını davam etdirən Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanmaqdadır. Ən əvvəl onu qeyd etmək yerinə düşər ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təsisat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin ötən il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir. Beynəlxalq aləmdə tolerantlığın və multikulturalizmin beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə də humanitar sahələrdə fəal əməkdaşlıq əlaqələri qurub. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə ölkəmiz dünyanı narahat edən ən mühüm humanitar məsələlərin müzakirə olunduğu forum və konfranslara yüksək səviyyədə ev sahibliyi edib.
Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində də bildirdi ki, Çinin «Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir» devizi altında təşkilata sədrliyi onun institusionallaşdırılmasına və beynəlxalq arenada rolunun gələcəkdə də möhkəmlənməsinə kömək edəcək. Çin ŞƏT-in təsisçi ölkələrindəndir və təşkilatın inkişafının aparıcı güclərindən biri olaraq qalır. Çinin sədrliyi üzrə geniş proqramı çərçivəsində səyləri ŞƏT prinsipləri əsasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, həmçinin onun vəzifələrinin həyata keçirilməsinə əlavə impuls verəcək. «ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük» söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq, regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir. Ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək.
Reallıq budur ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.
Dövlət başçısı İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çində işgüzar, 2015-ci ildə isə dövlət səfərində oldu. 2019-cu ildə ÇXR Sədrinin dəvəti ilə Pekində keçirilən İkinci «Kəmər və yol» beynəlxalq əməkdaşlıq forumunda iştirak edən cənab İlham Əliyev Sədr Si Cinpin ilə görüşlərini və səmərəli müzakirələrini böyük məmnuniyyətlə xatırlayır. Qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Prezident İlham Əliyev əminliklə qeyd etdi ki, Çin Xalq Respublikasına bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. Növbəti səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək.
Qeyd edək ki, informasiya sahəsindəki əməkdaşlıq da iki ölkə arasında sıx əlaqələrdə mühüm yer tutur. AZƏRTAC ilə Sinxua agentlikləri arasında 20 ildən artıq müddətdir ki, qarşılıqlı xəbər mübadiləsi və sosial media sahəsində əməkdaşlıq həyata keçirilir. Bu, hər iki ölkə arasında informasiya mübadiləsinin sürətlənməsinə və daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır. Azərbaycan ilə Çin arasında mədəni əlaqələr uzun illərdir möhkəm dostluq körpüsü qurur. 1995-ci il aprelin 12-21-də Pekində keçirilən Səttar Bəhlulzadənin əsərlərinin sərgisi, iki ölkə arasında mədəni əməkdaşlığın başlanğıcını qoyub. Həmçinin 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri ilə Sumqayıt şəhəri qardaşlaşıb.
İki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafı hər iki tərəfdə böyük məmnunluq doğurur. Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafa töhfə verən nümunəvi model kimi çıxış edir. Tarixi İpək Yolunun yeni nəfəs aldığı dövrdə bu əməkdaşlıq gələcək nəsillər üçün dayanıqlı tərəfdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanan uğurlu bir yol xəritəsidir.
Hər bir səfər bu yol xəritəsinin təqdimatında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin müsahibəsində Çinə reallaşacaq səfərinin əhəmiyyəti barədə səsləndirdiyi fikirlər, təbii ki, bugünədək iki strateji tərəfdaşın münasibətlərinin uğurlu inkişafına əsaslanır. Hər iki tərəf bir-birinə xüsusi önəm verir. Dövlət başçısı İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına reallaşdırdığı dövlət səfəri bütün bu məqamlara işıq salacaq.
Yeganə Əliyeva, «İki sahil»