Həkəri, Bərgüşad və Araz çayları üzərində yeni su kanallarının tikilməsi planlaşdırılır. Bu üç çay Azərbaycanın tranzit çayları hesab olunur. Ermənistan isə uzun illərdir bu çayları qanunsuz və ekoloji normaları pozan dağ-mədən sənayesi fəaliyyəti nəticəsində çirkləndirir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva parlamentin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələri və su ehtiyatlarının azalması kənd təsərrüfatına, xüsusilə ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir.
O bildirib ki, son illərdə qlobal istiləşmə və artan quraqlıqlar bitkilərin inkişafını ləngidir və məhsuldarlığa ciddi zərbə vurur:
“Bu, yalnız Azərbaycanın problemi deyil, qlobal ekoloji tarazlığın pozulmasının nəticəsidir. COP29 iqlim konfransı zamanı ərzaq təhlükəsizliyi əsas müzakirə mövzularından biri oldu”.
Deputat qeyd edib ki, yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanması aqrotexniki tədbirlərə baxmayaraq məhsuldarlığı və məhsul keyfiyyətini aşağı salır. Hazırda suvarma suyuna tələbatın yalnız 20 %-i daxili ehtiyatlar hesabına ödənilir, qalan 80 %-i isə tranzit çaylardan asılıdır. .
P.Vəliyeva əlavə edib ki, su ehtiyatları 15–20 % azalıb və bu vəziyyət innovativ suvarma texnologiyalarının - xüsusən damcılı suvarma sistemlərinin - tətbiqini labüd edir: "Kiçik təsərrüfat sahiblərinin də bu sistemlərdən yararlanması vacibdir".
Deputat həmçinin 2025-ci il üçün Aqrar Subsidiya Şurası tərəfindən təsdiqlənmiş subsidiya mexanizminin açıqlandığını qeyd edib: "Subsidiyalar həm pul həm də məhsul şəklində verilir. Bitkiçilik sahəsində regionlar üzrə əkin, məhsul və toxum əmsalları, toxum və ting kvotaları üzrə əkin subsidiyası hazırda torpağın hektarına görə müəyyən edilib. Belə olan halda, məhsul oldu-olmadı dövlət vəsaiti xərclənir".
Onun sözlərinə görə, bəzi fermerlər eyni sahədən 5 ton, bəziləri 1 ton məhsul götürür, amma hər ikisi eyni miqdarda subsidiya alır: "Burada daha ədalətli yanaşma tətbiq edilməlidir”.