23 aprel 2025 14:08
108

İrakli Kobaxidze ATƏT-in baş katibi ilə regional vəziyyəti müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, Hökumət Administrasiyasında baş tutan görüş zamanı ATƏT ilə əməkdaşlıq perspektivləri, regionda mövcud geosiyasi vəziyyət və Gürcüstanın qarşısında duran vəzifələr ətrafında müzakirələr aparılıb.

Baş nazir Gürcüstana səfərinə və ATƏT ilə sıx əməkdaşlığa görə təşkilatın baş katibinə təşəkkürünü bildirib. Görüşdə Gürcüstanın demokratik dəyərlərə, insan hüquqlarına və qanunun aliliyinə sadiqliyi bir daha vurğulanıb.

Tərəflər Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyəti də müzakirə ediblər. Gürcüstan tərəfi ATƏT-in Cenevrə beynəlxalq danışıqlarında həmsədrliyini və insidentlərin qarşısının alınması, cavab tədbirləri mexanizmi (IPRM) çərçivəsində iştirakını yüksək qiymətləndirib. Gürcüstan hökumətinin sülhməramlı siyasətə sadiq olduğu da qeyd olunub.

Görüş zamanı Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin edilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, ATƏT Avropada təhlükəsizlik arxitekturası üzrə dialoqun əsas platforması olaraq qalmalıdır.