24 aprel 2025 21:42
140

Əjdər İsmayılov xatirələrdə yaşayır - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təşklatçılığı ilə məşhur “91-lər”in nümayəndəsi, professor Əjdər İsmayılovun doğum günü münasibətilə “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Əjdər İsmayılovun doğum günü münasibətilə təşkil olunan “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda tədbiri yüksək qiymətləndirərək bildirib ki, bu cür tədbirlər milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından son dərəcə əhəmiyyətlidir. O qeyd edib ki, “91-lər” Azərbaycanın müasir tarixində dönüş nöqtəsi yaradan, dövlətçiliyimizi və müstəqilliyimizi qorumaq uğrunda prinsipial mövqe nümayiş etdirən insanlar idi. Qafar Əliyevin sözlərinə görə, 1993-cü ilin böhranlı günlərində 91 nəfər tanınmış ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti təkcə siyasi liderin yenidən hakimiyyətə qayıdışına çağırış deyildi, bu, eyni zamanda, xalqın içindən gələn bir qurtuluş arzusu idi. Həmin çağırış, Azərbaycanın gələcəyini düşünən, ölkənin xaosdan, qeyri-sabitlikdən xilas olunmasını istəyən insanların ümumi iradəsinin təcəssümü idi. Müxtəlif sahələri təmsil edən ziyalıların, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin bu tədbirə qatılması onu göstərir ki, “91-lər”in irsi hələ də yaşayır və cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu cür tədbirlər, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm rol oynayır. Biz bu tarixi unutmamalı, bu insanlar haqqında gələcək nəsillərə dolğun məlumat verməliyik. Müstəqilliyimizin qorunması, inkişafı bu cür vətəndaş mövqeyi nümayiş etdirən insanların fəaliyyətinə bağlı olub və onların əziz xatirəsi daim uca tutulmalıdır.

Milli Məclisin deputatı, məşhur “91-lər”in nümayəndəsi Vüqar Rəhimzadə bildirib ki, bu tədbir təkcə bir ziyalının doğum günü tədbiri deyil, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoymuş bir zümrənin - “91-lər”in fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycanın daxilində siyasi və sosial sabitliyin pozulduğu, vətəndaş qarşıdurmasının kulminasiya nöqtəsinə çatdığı bir zamanda “91-lər”in tarixi müraciəti ölkənin gələcək taleyində həlledici rol oynadı. Bu, cəsarətin, uzaqgörənliyin və milli məsuliyyətin nümunəsi idi.  Çünki “91-lər”in çağırışının fonunda sonradan xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, dövlət institutları möhkəmləndi və Azərbaycan müstəqil dövlət kimi özyolunu müəyyənləşdirdi.

V.Rəhimzadə qeyd edib ki, Əjdər İsmayılovun timsalında bu gün “91-lər”in tarixi xidmətlərini yadda saxlamaq, bu mirası gənc nəslə ötürmək olduqca vacibdir. Belə tədbirlər yalnız keçmişi xatırlamaq üçün deyil, eyni zamanda, gələcək nəsillərə Vətənə, dövlətə və milli kimliyə sadiqliyin nə demək olduğunu anlatmaq baxımından bir vasitədir. Bu tədbirdə səslənən çıxışlar, təqdim olunan arxiv materialları, iştirak edən gənclərin və ziyalıların fəallığı sübut edir ki, Əjdər İsmayılovun timsalında “91-lər”in ruhu bu gün də yaşayır və yaşamaqda davam edəcək.

Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov bildirib ki, bu görüş təkcə bir anım tədbiri deyil, həmdə tarixi yaddaşın qorunması, milli dirçəlişin təməlində duran bir hərəkatın yenidən xatırlanması baxımından əlamətdar hadisədir. Əjdər İsmayılov “91-lər”in fəal və cəsarətli üzvlərindən biri kimi Azərbaycanın taleyüklü dönəmində əsl ziyalı mövqeyi sərgiləyib və xalqın, dövlətin mənafeyini hər şeydən üstün tutub. Əjdərİ smayılov təkcə bir ziyalı deyildi - o, milli ideallara bağlı bir şəxsiyyət, gənc nəslin formalaşmasında əvəzsiz rolu olan müəllim, dərin biliyi və intellekti ilə cəmiyyətdə özünə xas mövqeyi ilə seçilən nümunəvi obrazidi. Onun elmi fəaliyyəti ilə yanaşı, ictimai-siyasi mövqeyi də Azərbaycanın müasir tarixində silinməz iz qoyub. Əjdər İsmayılovun adını yaşatmaq, onun dövlətə, dövlətçiliyə bağlı düşüncələrini gənc nəslə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur. Onun xatirəsinə həsr olunan bu tədbir, sadəcə bir anım mərasimi deyil, həm də milli yaddaşın qorunması vətəbliğidir.

Tədbirdə çıxış edən “Olaylar” İnformasiya Agentliyinin direktoru, yazıçı Yunus Oğuz bildirib ki, Əjdər İsmayılov - yalnız elm və ədəbiyyat aləmində deyil, həm də müasirAzərbaycan tarixinin dönüm nöqtəsində öz dəst-xətti ilə iz qoymuş bir şəxsiyyətdir. Bu tədbir sadəcə bir doğum günü xatirəsi deyil, bu, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şanlı salnaməsinə çevrilmiş bir nəslin - “91-lər”in vəfat etmiş nümayəndələrinin ruhuna ehtiramdır. Əjdər İsmayılov həm də söz adamı idi - onun qələmidə, fikri də hər zaman haqqın tərəfində olmuşdur. O, təkcə siyasət meydanında deyil, düşüncə məkanında da xalqı oyatmaq, millətin ruhunu dirçəltmək üçün çalışanaydın idi. Yazıçı kimi deyə bilərəm ki, bu qərarın arxasında durmaq, taleyi ilə oynamaq, adını tarixə yazmaq cəsarəti hər adama nəsib olmur. Amma Əjdər İsmayılov və digər "91-lər"  bu məsuliyyəti öz iradələri ilə daşıdılar və ömrüboyu həmin yolun doğruluğuna sadiq qaldılar.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, İki sahilTV-nin məsul redaktoru Tahir Məmmədov bildirib ki, Əjdər müəllimin adı bu xalqın yaddaşında bir ziyalılıq simvolu kimi qalacaq. Onun doğum günü münasibətilə keçirilən tədbir bir daha sübut etdi ki, tarix yalnız keçmiş deyil - biz onu yaşadırıq, xatırlayırıq, ondan öyrənirik. Əjdər İsmayılovun bizə buraxdığı miras yalnız imza atdığı müraciət deyil, həm də azərbaycançılıq düşüncəsinin, Vətənə sədaqətin canlı nümunəsidir. Zaman hər şeyi unudur, amma xalqın yaddaşı bəzi adları həmişə qoruyur. Bu gün isə bizlərdən biri - Əjdər İsmayılovun doğum gününü onun yoxluğunda, amma ruhunun varlığında qeyd edirik. Bu, sadəcə anım tədbiri deyil, bu bir mübarizənin davamı, səssiz, amma gur danışan bir tarixin səhnəyə qayıdışıdır.

Əjdər İsmayılovun oğlu Cavid İsmayıl bildirib ki, atası haqqında danışmaq onun üçün həm böyük qürur, həmdə dərin məsuliyyətdir: "Bu gün onun doğum günüdür. Təqvimdə sadə bir tarix ola bilər, amma bizim üçün - onu tanıyan, onu sevən, onunla nəfəs alan hər kəs üçünbu gün bir yaddaş günüdür. Çünki o, təkcə bir insan, bir alim, bir yazar deyildi - o, bir dövrün səsi idi. 

Tədbirdə ona aid edilən sözlər, xatirələr, ürəkdən gələn cümlələr bir daha göstərdi ki, Əjdər müəllim bu xalqın yaddaşında əbədi qalacaq.

Atamın yoxluğu çox ağırdır. Amma onun düşüncələri, yazıları elə bir mirasdır ki, illər keçsə də dəyərini itirməyəcəkdir."

Səbinə Qorxmaz, "İki sahil”