Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənədin imzalanması dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirildiyinin nümayişidir
Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası bu reallığı təsdiqləyir ki, nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik.
Keçilən yolun təhlili Azərbaycanın enerji sektorunda hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olduğunu nümayiş etdirir. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilməsi onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayıb.
Ölkəmizlə həm ənənəvi enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Bu, ölkəmizin enerji siyasətinin uğurlarıdır. Belə ki, daim bu fikir qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onların tərəqqisinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizin iqtisadi strftegiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işləyib hazırlaması Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında öz sözünü deyir. Enerji layihələrinin uğurlu icrası Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu günbəgün artırır. Həmçinin bu layihələr dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır.
2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən fakt Ermənistanın işğalından azad edilmiş ərazilərdə yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Xatırladaq ki, bu məqsədlər üçün Səudiyyə Ərəbistanı Krallığının «Masdar» və «ACWA Power» şirkətləri ilə müqavilələr imzalanıb. Qarabağ və Şərqi Zəngəzurda «yaşıl enerji zonası» üçün konseptual layihələr hazırlanıb, müasir dövrün tələbinə uyğun bərpaolunan enerji mənbələrindən ibarət unikal «yaşıl enerji zonası» konsepsiyasının yaradılması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində işlər davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində Azərbaycanın zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir.
Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Qarşılıqlı səfərlər zamanı aparılan müzakirələrdə də enerji məsələləri əsas yer tutur. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə, imzalanan sənədlərdə də dövrün çağırışları özünün aydın ifadəsini tapdı. Belə ki, ölkələr arasında əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərə diqqət yetirdikdə onların əksəriyyətinin bərpaolunan enerji sahəsində əməkdaşlıqla bağlı olduğunu görürük. Səfər çərçivəsində 20-yə qədər sənəd imzalandı ki, onun 6-sı bərpaolunan enerji sahəsində əməkdaşlıqla bağlıdır. Azərbaycan və Çin arasında imzalanan sənədlər 2,4 qiqavatlıq yaşıl enerji istehsalını nəzərdə tutur. Bu sənədlər ümumilikdə 260 meqavat gücündə günəş elektrik stansiyaları, 100 meqavatlıq üzən günəş elektrik stansiyası, 30 meqavat gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 qiqavat gücündə külək elektrik stansiyasının inşası, daha 2 meqavat gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpaolunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. Azərbaycan Hökuməti və “Universal Solar Azerbaijan” MMC arasında Azərbaycanda 100 meqavat gücündə “Qobustan” günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi imzalandı. İnvestisiya Müqaviləsi Qobustan rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının tikintisini və istismarını nəzərdə tutur. Növbəti mərhələdə şirkət ilə elektrik enerjisinin alqı-satqı, ötürücü şəbəkəyə qoşulma və torpaq icarə müqavilələri imzalanacaq. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək. Bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsi ilə müəyyənləşdirilib. Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında isə Azərbaycanda dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, bu sahədə layihələrin planlaşdırılması və inşası üzrə əməkdaşlıq ediləcək. Bu çərçivədə mərhələli əsasda minimum 2 qiqavat gücündə dənizdə külək elektrik stansiyasının qiymətləndirilməsi, inkişaf etdirilməsi, layihələndirilməsi, maliyyələşdirilməsi, mühəndisliyi, tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur. Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında imzalanan sənədə əsasən isə Böyükşor gölündə 30 meqavat gücündə batareya enerji saxlanc sistemi ilə 100 meqavat gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsinə müvafiq olaraq yaradılacaq layihə şirkəti vasitəsilə texniki-iqtisadi əsaslandırma, layihələndirmə, maliyyələşdirmə, tikinti, istismar və texniki xidmət işləri həyata keçiriləcək. “China Datang Overseas Investment Co. Ltd” şirkəti əsas investor kimi çıxış edəcək. Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” MMC arasında 160 meqavat gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair imzalanmış İcra müqaviləsi mübadilə edilib. İmzalanan sənədlərdən biri də Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 qiqavat gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumudur. “Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu isə Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanıb. Memorandum 2028-ci ildən sonrakı dövr üzrə bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə əlaqədar ötürücü şəbəkədə müvafiq araşdırmaların aparılmasını nəzərdə tutur.
Prezident İlham Əliyevin Pekində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin sədri Sonq Hailianq ilə görüşündə də bu sahədə mövcud potensial, əməkdaşlıq əlaqələrinin gələcək inkişafı geniş müzakirə edildi. “China Energy Engineering Corporation Limited” şirkəti Azərbaycanda hazırda bir neçə layihə həyata keçirir. Xəzər dənizində 1 qiqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. “China Energy Engineering Corporation Limited” Füzuli rayonunda Günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb.
Qeyd edək ki, fəaliyyət dairəsinə bərpaolunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan şirkətin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaolunan enerji bazarının 50 faizinə nəzarət edir. Dövlət başçısı İlham Əliyev Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşündə də ötən ilin iyulunda Azərbaycan və Çin arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətlərimizin yüksək səviyyəsini göstərdiyi vurğulandı. Dövlət başçısı İlham Əliyevin budəfəki səfəri zamanı imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın münasibətlərimizin ruhunu və xarakterini əks etdirdiyi bildirildi. Münasibətlərimiz qısa vaxtda – bir ildən də az müddətdə strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da öz növbəsində əlaqələrimizin inkişaf dinamikasını göstərir.
Azərbaycan və Çin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkədir. Siyasi sahə ilə yanaşı, iqtisadi-ticari əlaqələrimiz də uğurla inkişaf edir. Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 20 faiz artıb. Bu ilin 3 ayı ərzində isə əmtəə dövriyyəsi 40 faizə yaxın artıb. Çin Azərbaycanın idxal tərəfdaşı olmaqla yanaşı, həm də dördüncü ticarət tərəfdaşımızdır. Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında Bəyannamənin bütün sahələrdə uğurla həyata keçirildiyini vurğulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkəsini əhatə edən nəqliyyat-logistika əməkdaşlığı sahəsində fəal səylər göstərdiyini bildirdi.
Keçirilən görüşlərdə ölkəmizin ötən il ev sahibliyi etdiyi COP29 tədbirinin yüksək səviyyədə təşkil edildiyi, əldə olunan nəticələr təqdir edildi. Azərbaycan COP29-a ev sahibliyi etməklə bərpaolunan enerji sahəsində malik olduğu imkanları bir daha dünyaya təqdim etdi. Enerji diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən həmin tədbir, eyni zamanda, çoxtərəfliliyin təntənəsi oldu. Azərbaycan bir daha nümayiş etdirdi ki, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlıdır və bunu atdığı addımları ilə təsdiqləyir. Çıxışlarında «Bəli, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi» söyləyən cənab İlham Əliyev onu da qeyd edir ki, bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Əlbəttə, biz tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq: «Beləliklə, biz 2023-cü ilin dekabrında, COP29-a ev sahibliyi etmək imkanını əldə edən kimi bu mövzunun mahiyyəti ilə daha dərindən məşğul olmağa başladıq… Biz 4 il ərzində Qoşulmama Hərəkatında sədrlik etmişik. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə bizim sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Biz hesab etdik ki, bu iş uğurla nəticələnə bilər… Hazırlıq bizim üçün böyük çağırış idi, çünki əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxtımız var idi. Biz stadion və onun ətrafında nəhəng qurğular inşa etməli idik…Tədbirin təşkilatçılığı hər kəsdə məmnunluq doğurdu.» Prezident İlham Əliyev bildirir ki, bu tədbiri çox böyük uğur adlandırmaq olar. Regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır.
Onu da qeyd edək ki, 2022-ci ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirilmişdi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gələrək yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzaladılar. Cənab İlham Əliyev bildirir ki, bu layihə çərçivəsində ən azı 4 qiqavat yaşıl enerjini Avropaya nəql edə biləcəyik. Bu da əlavə töhfəmiz olacaq.
Təkcə son iki ildə ənənəvi, eyni zamanda, bərpaolunan enerji sahəsində qazanılan uğurlara diqqət yetirdikdə bu mühüm məqam bir daha təsdiqini tapır ki, səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir. Cənab İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, əlbəttə, görüləcək işlər çoxdur. TANAP, TAP genişlənməli, digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməli, komanda işi davam etdirməlidir. Çünki artıq yeni iştirakçılarımız, ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcək.
Qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq çox önəmlidir. Bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxarır.
Göründüyü kimi, hər dövrün öz çağırışı vardır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu enerji diplomatiyamızın mühüm uğurudur. İkitərəfli əməkdaşlıq əlaqələrinin yeni priortetlər üzrə inkişafı beynəlxalq səviyyədə əlaqələrin inkişafına geniş imkanlar açır.
Yeganə Əliyeva, «İki sahil»