26 aprel 2025 17:38
125

Rektor: Beynəlxalq əməkdaşlıq Qarabağ Universitetinin inkişaf strategiyasının əsas komponentlərindəndir

Beynəlxalq əməkdaşlıq Qarabağ Universitetinin inkişaf strategiyasının əsas komponentlərindən biridir.

“İki sahil” xəbər verir ki, bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov aprelin 26-da Xankəndidə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransında danışıb.

Onun sözlərinə görə, ali təhsil müəssisəsində belə konfransların keçirilməsi beynəlxalq səviyyədə tanınması baxımından olduqca önəmlidir:

“Bu fürsətdən istifadə edərək Qarabağ Universitetində evimizdə xaricdən gələn bəzi tələbələrin olduğunu da diqqətə çatdırmaq istərdim. Hazırda daha çox xarici tələbə və beynəlxalq işçi heyəti cəlb etmək üçün əlimizdən gələni edirik. Bu, beynəlxalq təhsil mühiti yaratmaq baxımından çox vacibdir”.

Rektor bildirib ki, Qarabağın müxtəlif rayonlarında universitetin kampusları yaradıldıqdan sonra azad edilmiş ərazilərdə yerli inkişafa töhfə üçün imkanlar genişlənəcək:

“Biz burada müasir, tədqiqat yönümlü, innovasiya əsaslı təhsil modelləri tətbiq etməyə çalışırıq, əlavə kampusların açılması bu prosesə böyük töhfə verə bilər. İnanırıq ki, dövlətdən dəstək almaq, peşəkar işçi heyətinə sahib olmaq strateji məqsədimizə çatmağımıza kömək edəcək”.

Ş.Bayramov sonda 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına da diqqət çəkərək bildirib ki, tədbir ölkə və xalq üçün çox vacib bir hadisə idi.