28 aprel 2025 00:49
104

Fransada islamofobiya terrorundan sonra bu ölkədəki müsəlmanlara çağırış edilib

Fransada islamofobiya sərtləşir, müsəlmanlara, məscidlərə hücum edilir. Fransa Müsəlman Dini Şurası ibadət edənlərə məscidlərdə tək qalmamağı, təcrid olunmamağı tövsiyə edib və hökuməti müsəlmanların ibadət yerlərində təhlükəsizliyi gücləndirməyə çağırıb.

“İki sahil” xəbər verir ki, “Grand-Combe” məscidində bıçaqlı hücum nəticəsində 22 yaşlı gənc öldürülüb. Bu qanlı hadisədən sonra Fransa Müsəlman Dini Şurası (CFCM) ölkədəki müsəlmanları son dərəcə ayıq olmağa çağırıb.

CFCM bu hücumun mediada yanlış işıqlandırılmasına təəssüflənib. Mətbuatda hadisənin iki dindar arasında baş verən şəxsi münasibətlər zəminindən qaynaqlandığı bildirilib.

Şura mərhumun ailəsinə və bu islamafobiya terror aktından dərin sarsıntı keçirmiş Fransadakı bütün müsəlmanlara dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, 22 yaşlı Abubakar “Grand-Combe” məscidində olarkən bıçaqlı hücuma məruz qalıb.

Baş nazir Fransua Bayrou islamofob alçaqlığı pisləyərək, qatilin tutularaq cəzalandırılmasını təmin etmək üçün dövlətin resurslarının səfərbər edildiyini bildirib.