28 aprel 2025 12:11
106

Azərbaycan – Çin: uğurlu yolun aydın üfüqləri

Çin-Azərbaycan münasibətlərinin çoxəsrlik tarixi var. Bu gün Cənubi Qafqazın aparıcı ölkəsi olan respublikamız tarixən qədim İpək Yolu üzərində yerləşir və bu yol öz mənbəyini məhz Çindən götürür.

Azərbaycanın Çin ilə müasir əlaqələri isə Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər bu münasibətlərin daha da inkişafı üçün münbit zəmin yaratmışdır. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi ilə ölkələrimiz arasında iqtisadi əlaqələr məhz ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyət, ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çin hökumətlərarası komissiyasının fəaliyyəti sayəsində daha da möhkəmlənmişdir. Çin tərəfi ŞƏT-də Azərbaycanın hüquqi statusunun artırılmasını dəstəkləyir və onun BRİKS-ə qoşulmaq istəyini alqışlayır.

Bu münasibətlər bütün sahələrdə – siyasi, iqtisadi, mədəni və hətta mənəvi sahələrdə özünü göstərir. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, Çinin Azərbaycana dost münasibətini görə biləsən. Çin COVID-19 pandemiyası başlayanda Azərbaycana peyvəndlərin çatdırılmasında kömək edən yeganə ölkə olub. Ötən ilin noyabrında Bakıda keçirilən COP29-un işində Çinin nümayəndə heyəti qlobal iqlim təhlükəsizliyi ilə bağlı Azərbaycanın təkliflərini dəstəkləyən ən fəal iştirakçılardan biri olub.

Qarşılıqlı münasibətlərimizin parlament ölçüsü nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, eləcə də parlamentlərarası işçi qrupları vasitəsilə formalaşır. Bu çərçivədəki görüşlərin ruhu Azərbaycan Respublikası və ÇXR – nın ümumi məqsədlərimizə xidmət edən prinsiplərə sadiqliyinin təsdiqidir. Belə əlaqələr hər iki ölkənin aparıcı siyasi partiyaları – Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında da mövcuddur və inkişaf etməkdədir.

Bu gün Azərbaycan – Çin əlaqələri çox­şaxəli struktura malikdir, dövlətlər arasında əməkdaşlıq çoxşaxəli və konstruktivdir. Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşımızdan bi­ridir. Burada enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş istehsal sahələ­rinədək bir sıra məqamlar var. Yeri gəlmişkən, Heydər Əliyev Fondu Azərbaycanla Çin arasında mədəni və humanitar müba­dilənin əsas hərəkətverici qüvvəsidir. Fond “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəlif layihələr həyata keçirir ki, bu fəaliyyətin də uğuru göz önündədir.

Aprelin 22-24-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması bu münasibətlərin pik nöqtəsidir. Belə ki, bu anlaşma Azərbaycan – Çin münasibətlərinı keyfiyyətcə yeni mərhələyə yüksəltmiş oldu. Dünyada ən güclü  geosiyasi mərkəzlərdən biri olan Çin Azərbaycanı Cənubi Qafqazda özünün strateji tərəfdaşı kimi dəyərləndirdiyini rəsmi şəkildə bəyan etmiş və demək olar ki, bütün istiqamətlərdə qarşılıqlı münasibətlərin inkişafında maraqlarını ifadə etmişdir. Çin-Azərbaycan münasibətləri baxımından tarixən və siyasi baxımdan müstəsna əhəmiyyətə malik və geosiyasi məsələlərin də toxunduğu bu sənəddə konteksti aşağıdakı tezislərlə ifadə olunan daha bir neçə mühüm istiqaməti qeyd etməyi vacib hesab edirəm:

- birincisi, bu, bir-birinin ərazi bütövlüyünə hörmətdir. Azərbaycan Vahid Çini və Çinin Tayvanla bağlı mövqeyinə müsbət yanaşır. Buna cavab olaraq BMT TŞ-nin daimi üzvü statusuna malik olan Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh çağırışını qətiyyətlə dəstəkləyir;

 - iqtisadiyyat və nəqliyyat sahəsində, xüsusən də "bir kəmər-bir yol" un dəstəklənməsi ilə bağlı çox geniş məsələlərə toxunulur ki, bu da Çinin Azərbaycan vasitəsilə yük daşımalarına tam cəlb olunması deməkdir;

- Çinin qətiyyətli dəstəyi sayəsində rabitə təhlükəsizliyi beynəlxalq mövzuya çevrilir;

- Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin ("Orta dəhliz") tikintisində və istifadəsində fəal iştirak etməyə, Azərbaycanla daha sıx işləməyə hazır olduğunu bildirir. Bu, Çin və ŞƏT-in digər üzvlərini həm orta dəhlizin tikintisinə, həm də istifadəsinə birbaşa cəlb etmək üçün bir öhdəlikdir;

- qarşılıqlı surətdə viza rejiminin ləğv edilməsi barədə ortaq mövqe ölkələrimiz arasında turizmin və bütqn səviyyələrdə və sahələrdə ticari əlaqələrin inkişafına güclü impuls vermiş olur;

- Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirir.

Diqqətçəkən faktdır ki, Çin mediası Azərbaycan liderinin bu ölkəyə rəsmi səfərinə hədsiz maraq nümayiş etdirib. Səfəröncəsi cənab İlham Əliyevin Çinin Sinxua Agentliyinə verdiyi müsahibə, daha sonra Çin Xalq Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfri Lu Meyin Azərbaycana həsr edilmiş geniş məqaləsi və səfərin yekunları ilə bağlı dövlətimizin başçısının Pekində Çinin CGTN (China Global Television Network) telekanalının “Danışır liderlər” verilişinə dəvət alması həm ölkəmizin nüfuzunun yüksək səviyyədə dəyərləndirilməsi, həm də onun liderinin personasına xüsusi münasibətin göstəricisidir. İkitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları cənab İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı dostluq əlaqələrinin əhəmiyyətli rolu var. Təsadüfi deyil ki, Çin lideri Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırır.

Bütün bunlar o deməkdir ki, qlobal beynəlxalq gündəmin əsas məsələlərinə dair bizim mövqelərimiz üst-üstə düşür. Dünya­nın super gücü olan ÇXR ilə münasibətlərimizin yüksək məcraya çatdırılması həm tərəqqi və in­kişafın təminatı, həm də qloballaşan və dəyişən dünyanın sərt reallıqlarına qarşı son dərəcə ciddi sığortadır. Nəzərə alaq ki, rəsmi Pekinlə ikitətərli münasibətlə­ridəki dinamika bəzi Qərb dairələrinin, xüsusən Fransanın ökəmizi qlobal pro­seslərdən təcrid siyasətinə verilən ən layiqli cavabdır.    Beləliklə, tam qətiyyətlə deyə bilərik ki, Pre­zident İlham Əliyevin Si Cinpin ilə görü­şü, eləcə də imzalanmış mühüm dövlət sənədi Bakı–Pekin münasibətlərini bütün sahələrdə daha da dərinləşdirəcək, qar­şılıqlı təmasları və dialoqu intensivləş­dirəcək, ikitərəfli əlaqalərə yeni məzmun və keyfiyyət qazandıracaq.

Əli Hüseynli,
​Milli Məclisin deputatı