28 aprel 2025 21:49
104

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın yeni istiqamətləri

2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına verdiyi geniş müsahibə  ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın əsas istiqamətlərini bir daha aydın şəkildə ortaya qoydu. Bu müsahibə təkcə diplomatik bəyanatlarla məhdudlaşmadı, həm də Azərbaycan-Çin münasibətlərinin çoxvektorlu xarakterini – siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil və çoxtərəfli əməkdaşlıq sahələrindəki kompleks dinamikasını əhatə edən ciddi mesajlar ehtiva etdi. Cənab Prezidentin irəli sürdüyü fikirlər Azərbaycanın regional və qlobal miqyasda artan geosiyasi çəkisini, eyni zamanda, ölkənin “Bir kəmər, bir yol” təşəbbüsündə və Qlobal Cənubun siyasi arxitekturasında oynadığı rolu dəyərləndirmək baxımından mühüm analitik çərçivə yaradır. 

Dövlət başçısı müsahibəyə  2023-cü ilin iyul ayında Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi görüşdən bəhs edərək başladı. Bu görüş çərçivəsində qəbul edilmiş Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə, ikitərəfli əlaqələrin təkamülündə dönüş nöqtəsinə çevrildi. Bir ildən az müddət sonra, 2025-ci ilin aprelində Sədr Si Cinpinin dəvəti ilə həyata keçirilən dövlət səfəri zamanı imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat, bu inkişafın ardıcıl və məqsədyönlü xarakterini nümayiş etdirdi. Səfər çərçivəsində 20-dən artıq sahəni əhatə edən sənədlərin imzalanması, münasibətlərin institusional və çoxşaxəli bazaya keçdiyini təsdiqlədi.

Prezident İlham Əliyev müsahibəsində Çinlə əməkdaşlığın təməlinin qarşılıqlı hörmət, milli maraqlara sadiqlik və suverenliyə dəstək əsasında formalaşdığını vurğuladı. Azərbaycanın “Vahid Çin” siyasətinə verdiyi qətiyyətli dəstək, Tayvanda keçirilən qeyri-qanuni seçkilərə münasibəti və bu məsələdə ilk reaksiya verən ölkələrdən biri olması, Bakı-Pekin münasibətlərində prinsipial xəttin mövcudluğunu sübut edir. Bu həm də Azərbaycanın beynəlxalq hüququn aliliyinə və ərazi bütövlüyünə dair mövqeyinin ardıcıl olduğunu göstərir.

Birgə Bəyanatın iqtisadi, ticarət, daşımalar, humanitar əməkdaşlıq və xalqlararası əlaqələrə dair müddəaları, tərəfdaşlığın yalnız siyasi deyil, praktiki məzmun daşıdığını göstərir. Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə ilk qoşulan ölkələrdən biri kimi bu çərçivədə həyata keçirdiyi infrastruktur layihələri, dövlətimizin tranzit və logistika mərkəzi rolunu daha da gücləndirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Sədr Sini yalnız dövlət başçısı kimi deyil, qlobal baxışa və yüksək strateji düşüncəyə malik lider kimi dəyərləndirir. Dövlət başçımızı “Çinin yaxın dostu” adlandıran Sədr Sinin bu münasibəti də iki ölkə arasında münasibətlərin şəxsi səviyyədə də güclü əsaslara söykəndiyini göstərir.

Azərbaycan-Çin münasibətlərinin bu günkü strateji zirvəsi, təsadüfi və yalnız çağdaş liderliyin məhsulu deyil. Prezident İlham Əliyev müsahibəsində bu məqamı xüsusi vurğulayaraq, Ulu Öndər  Heydər Əliyevin  iki ölkə arasındakı diplomatik əlaqələrin əsasını qoyan lider olduğunu xatırlatdı. 1990-cı illərin mürəkkəb beynəlxalq mənzərəsində həyata keçirilən ilk Çin səfəri, Azərbaycan diplomatiyasının Asiya istiqamətində gələcək strateji vektorunun müəyyənləşdirilməsi baxımından əlamətdar olmuşdur. Dövlət başçımız İlham Əliyevin bu siyasi irsi davam etdirməsi, həm də sabitlik və ardıcıllığın dövlət siyasətində necə önəmli yer tutduğunu göstərir. Bu baxımdan Çinlə münasibətlərin xarici siyasət prioritetləri sırasında qorunması, Azərbaycanın qlobal tərəfdaşlıq xəttinin dəyişməzliyini sübut edir.

Prezident İlham Əliyev müsahibəsində Çinin sosial-iqtisadi modernləşmə modelinin Azərbaycanın daxili siyasətinə ilham verdiyini açıq şəkildə ifadə etdi. Əgər bir tərəfdə 1990-cı illərin əvvələrində qeyri-sabit, yoxsul və xarici müdaxilələrə açıq bir ölkə dururdusa, bu gün qarşımızda siyasi sabitlik, iqtisadi dayanıqlıq və strateji resurs idarəçiliyi ilə tanınan bir Azərbaycan var. Əhalinin sosial rifahı, işsizliyin və yoxsulluğun 5 faizə endirilməsi, xarici borcun ÜDM-in 7%-dən az olması kimi faktlar, bu transformasiyanın uğur göstəriciləridir. Burada maraqlı cəhət ondan ibarətdir ki, Azərbaycanın daxili iqtisadi siyasətində yaşıl iqtisadiyyat da daxil olmaqla bir çox yanaşmalar, Çin modelindən öyrənilmiş yanaşmalarla üst-üstə düşür.

Bərpaolunan enerji sektoru, Azərbaycan-Çin əməkdaşlığında yeni və son dərəcə perspektivli bir sahə kimi formalaşmaqdadır. Cənab Prezidentin açıqlamalarına əsasən, 2030-cu ilə qədər Azərbaycanın 6500 meqavatlıq yaşıl enerji potensialı yaradılacaq və bu gücün böyük hissəsi Çin istehsalı texnologiyalar və Çin şirkətləri vasitəsilə təmin olunacaq. Bu, iki ölkə arasında enerji təhlükəsizliyi, texnoloji əməkdaşlıq və iqlim dəyişikliklərinə qarşı birgə cavab strategiyalarının birləşdiyi mühüm bir sahədir. Eyni zamanda, Azərbaycanın təbii qazdan elektrik istehsalını tədricən dayandırması və qazın ixracını artırması, regional enerji bazarında rolumuzu daha da gücləndirəcək.

Dövlətlərimiz arasındakı əməkdaşlıq yalnız enerjidə deyil, həm də nəqliyyat texnologiyaları sahəsində genişlənir. Çin şirkəti BYD ilə birgə həyata keçiriləcək elektrik avtobuslarının istehsalı, Azərbaycanın nəqliyyat infrastrukturunu yaşıl modellərə uyğunlaşdırmaqla yanaşı, texnoloji transfer və sənaye kooperasiyası baxımından da strateji əhəmiyyət daşıyır. Bu layihə təkcə paytaxt Bakını deyil, bütün ölkəni əhatə edən ictimai nəqliyyat sistemini modernləşdirmək məqsədi güdür və “yaşıl gələcək” vizyonunun konkret təzahürüdür.

Azərbaycan və Çin arasında qarşılıqlı vizasız rejimin tətbiqi, siyasi münasibətlərin səmimi və etimada əsaslanan xarakterini sübut edir. Dövlətimizin başçısı tərəfindən qeyd olunduğu kimi, bu addım birtərəfli olaraq atılmışdı və Çin vətəndaşlarına göstərilən xüsusi münasibətin göstəricisidir. Hazırda ikitərəfli vizasız rejimin tətbiqi isə sadəcə turizm axınlarını artırmaqla qalmayacaq, eyni zamanda insanlara əsaslanan diplomatiyanın – xalqlararası əlaqələrin və mədəni mübadilənin güclənməsinə şərait yaradacaq. Azərbaycanın turizm potensialının təqdim olunması və Çindən gələcək turist axını bu sahədə yeni iqtisadi imkanlar yaradacaq.

Azərbaycan və Çin arasında yüksək səviyyəli siyasi əlaqələr fonunda insan resurslarına və təhsil əməkdaşlığına xüsusi önəm verilməsi, ikitərəfli münasibətlərin dayanıqlılığını təmin edən mühüm elementlərdəndir. Hal-hazırda hər iki ölkədə təhsil alan 100-dən artıq tələbə mövcuddur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu rəqəm hələ ki, arzu olunan səviyyədən uzaqdır və xüsusilə süni intellekt və texnoloji innovasiyalar sahəsində əməkdaşlığın inkişafı fonunda artırılmalıdır. Azərbaycan tərəfindən təklif olunan Çin-Azərbaycan Universiteti layihəsi isə yalnız təhsil sahəsində deyil, eyni zamanda texnoloji bilik transferi və elmi-tədqiqat əməkdaşlığı üçün strateji platforma ola bilər. Bu cür təşəbbüslər xalqlar arasında mədəni yaxınlaşmanı gücləndirir və strateji tərəfdaşlığı sosial baza ilə zənginləşdirir.

Çin, idxal baxımından Azərbaycanın birinci, ticarət dövriyyəsi baxımından isə dördüncü tərəfdaşıdır. Bu fakt iki ölkə arasında iqtisadi əməkdaşlığın artıq sadəcə potensial deyil, real nəticələrlə müşayiət olunduğunu göstərir. Azərbaycanın Çində aşdığı altı Ticarət Evi və Çinə şərab ixracı bu istiqamətdə konkret addımlardır. Lakin əsas strateji vektor “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlıdır. Azərbaycan bu təşəbbüsü yalnız tranzit marşrutu kimi deyil, regional logistika və istehsal mərkəzinə çevrilmək üçün imkan kimi qiymətləndirir. Ölkəmizin yerləşdiyi Şərq-Qərb və Şimal-Cənub dəhlizləri, inkişaf etmiş nəqliyyat infrastrukturu və 8 beynəlxalq hava limanı bu strategiyanın uğurla icrasına zəmin yaradır.

Dövlət başçısının  müsahibəsində vurğuladığı əsas prioritetlərdən biri də yaşıl enerji sektorudur. Bu sahədə əməkdaşlıq təkcə ekoloji məsuliyyət deyil, həm də iqtisadi strateji baxışın məhsuludur. Azərbaycan 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalını hədəfləyir və bu çərçivədə Çin şirkətlərinin rolu əhəmiyyətlidir. Çin texnologiyası ilə istehsal olunan günəş panelləri, elektrik avtobusları və birgə istehsal layihələri Azərbaycanı yaşıl iqtisadiyyat modelinə yaxınlaşdırır. Eyni zamanda, təbii qazın elektrik istehsalından azad edilməsi və onun ixracının artırılması Azərbaycanın enerji siyasətində çevikliyini nümayiş etdirir.

2024-cü ildə Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86% artım qeydə alınıb. Bu göstərici Azərbaycanın nəqliyyat və logistika sektorunda ciddi transformasiyaların nəticəsidir. Gömrük idarəçiliyində rəqəmsallaşma, tranzit müddətinin 10-12 günə qədər endirilməsi və regional əlaqələrin qurulması dövlətimizin tranzit ölkə rolunu gücləndirir. Cənab Prezidentin də vurğuladığı kimi, bu sahədə real nəticələr üçün təkcə infrastruktur deyil, həm də regional əməkdaşlıq əsas şərtdir. Azərbaycan qonşu ölkələrlə müsbət münasibətlər quraraq bu modeli uğurla həyata keçirir.

Azərbaycanın vergi və hüquqi mühitinin liberallaşdırılması, ixtisaslı işçi qüvvəsinin mövcudluğu və genişlənən daxili bazar investorlara cəlbedici imkanlar yaradır. Çin şirkətləri ilə imzalanmış 300 milyon dollardan artıq dəyəri olan sazişlər bu potensialın ilkin mərhələsidir. Dövlət başçımızın milyardlarla ölçülən investisiya hədəfləri isə Azərbaycanın bu sahədə nə qədər iddialı olduğunu göstərir. Bu hədəflər çərçivəsində istehsal, nəqliyyat və enerji əsas prioritet sahələr kimi müəyyən edilib.

Azərbaycanın çoxtərəflilik prinsipinə sadiqliyi, Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaxınlaşmaq arzusu və Qlobal Cənubun lideri kimi Çinə yönəlik münasibəti, ölkənin beynəlxalq arenadakı fəallığını göstərir. COP29-a ev sahibliyi edən və Qoşulmama Hərəkatında fəal mövqe tutan Azərbaycan, qlobal ekoloji və sosial çağırışlara dair məsuliyyətli yanaşma nümayiş etdirir. Bu kontekstdə Çinlə əməkdaşlıq yalnız iqtisadi deyil, həm də normativ və etik baxımdan ortaq dəyərlər üzərində qurulub: suverenlik, bərabərlik, daxili işlərə qarışmama və çoxtərəflilik.

Azərbaycan və Çin arasında münasibətlər yeni mərhələyə qədəm qoyur – bu, sadəcə strateji tərəfdaşlıq deyil, inteqrasiya olunmuş əməkdaşlıq dövrüdür. Təhsil, enerji, logistika, sənaye və diplomatiya sahələrindəki paralel proseslər göstərir ki, bu münasibətlər artıq təkcə liderlər səviyyəsində deyil, xalqlar və sistemlər səviyyəsində də qurulmaqdadır. Azərbaycan bu yolda həm öz milli maraqlarını qoruyur, həm də qlobal sistemdə ədalətli mövqe uğrunda mübarizə aparır.

Prezident İlham Əliyevin CGTN-ə müsahibəsində ifadə olunan fikirlər və dövlət səfərinin nəticələri göstərir ki, Azərbaycan regional gücdən qlobal tərəfdaşa çevrilmək istiqamətində mühüm addımlar atmaqdadır. Çinlə münasibətlərin hərtərəfli inkişafı yalnız iki ölkənin deyil, həm də Avrasiya məkanında yeni güc balansının formalaşmasına təsir göstərir. Bu səfər təkcə diplomatik deyil, həm də strateji baxımdan Azərbaycanın xarici siyasət gündəliyində Asiya vektorunun prioritetlər sırasında olduğunu bir daha nümayiş etdirdi.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini