29 aprel 2025 13:25
105

Hindistan Pakistan üçün hava məkanını və limanlarını bağlaya bilər

Hindistan Pakistanın aviaşirkətləri üçün öz hava məkanını və limanlarını bağlamaq imkanını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə “Economic Times” nəşri mənbələrə istinadla bildirib.

"Pakistan International Airlines” (PIA) dövlət aviaşirkəti Cənub-Şərqi Asiyanın bir neçə istiqamətinə, o cümlədən Kuala-Lumpur və Malayziyanın digər şəhərlərinə getmək üçün Hindistanın hava məkanından istifadə edir. Hindistanın hava məkanının bağlanması aviaşirkətin vəziyyətinə təsir göstərə bilər, çünki təyyarələr daha uzun yol seçməyə məcbur olacaq", - nəşr qeyd edib.

Məlumata görə, Avropa Uçuş Təhlükəsizliyi Agentliyi 2020-ci ilin iyun ayında təhlükəsizlik səbəblərindən PIA-nın Avropada fəaliyyətini qadağan edib. Bu qadağa yalnız 2024-cü il noyabrın 29-da aradan qaldırılıb.

Öz növbəsində, Pakistan Hindistanla bütün ikitərəfli sazişlərin fəaliyyətini dayandırıb, bu ölkənin aviaşirkətləri üçün öz hava məkanını bağlayıb.

Pakistan və Hindistan aprelin 22-də Cammu və Kəşmirdə törədilən terror aktından sonra münasibətlərin kəskinləşməsi fonunda bir-birinə qarşı ciddi tədbirlər elan ediblər.